Bir müddət əvvəl Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasında çağırışa göndərməyə maşın tapılmadığı barədə xəbər yayıılmışfdı.
Jurnalist Famil Fərhadoğlunun bildirdiyinə görə, antibiotik qəbulundan sonra allergik reaksiya ilə qarşılaşan həyat yoldaşı ilə bağlı Abşeron rayonu Təcili Tibbi Yardım Xidmətinə çağırış etsə də, xəstənin həyatına biganə yanaşılıb. Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərin çağırışda olduğunu bildirən dispetçer xanım hətta xəstə yaxınına səlahiyyətindən kənar məsləhətlər də verib. Tibbi personalın laqeyd münasibəti ilə qarşılaşan jurnalist Səhiyyə Nazirliyinə müraciət edərək Təcili Tibbi Yardım stansiyasının əməkdaşları ilə bağlı tədbir görülməsini istəmişdi.
Unikal.org xəbər verir ki, bu barədə Cebhe.info-nun sorğusuna cavab olaraq Abşeron Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralovanın imzası ilə redaksiyaya məktub göndərilib.
Həmin məktubu olduğu kimi təqdim edirik:
“Sizin 12.11.2019-cu il tarixli məktubunuzda qeyd olunan faktlar araşdırıldı. Belə ki, vətəndaş Famil İbrahimov 11.11.2019-cu il tarixində, onun antibiotik qəbulundan sonra allergik reaksiya ilə qarşılaşan həyat yoldaşı Əfsanə İbrahimova üçün təcili yardım xidmətinə müraciəti zamanı həkimlərin laqeyd münasibəti ilə qarşılaşdığını bildirmişdi. Onun sözlərinə görə, dispetçer çağırışı qəbul edərkən digərləri ilə məsləhətləşirdi. Əvvəla onu qeyd edim ki, dispetçer vəzifəsində çalışan şəxs həkim deyil, orta tibb işçisidir və onun dəstəyi həkimə ötürməsi düzgün addımdır. Qaldı həkimin hərəkətlərinə, həqiqətən həkim Vüsalə Hüseynova vəziyyəti düzgün qiymətləndirərək dərhal göstərilən ünvana təcili tibbi yardım briqadasının göndərilməsini təşkil etməli, ən pis halda xəstənin ən yaxın tibb idarəsinə çatdırılmasını tövsiyyə etməli idi. Vəzifə borcunu yerinə yetirərək qüsurlara yol verdiyinə görə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkimi Vüsalə Dayandur qızı Hüseynova tərəfimizdən cəzalandırılıb”.
Jurnalist Famil Fərhadoğlu operativ reaksiyaya və xəstənin taleyinə laqeyd yanaşan həkimin cəzalandılmasina görə Mehriban Qaralovaya təşəkkür edib.