Azərbaycan Dillər Universitetində Beynəlxalq fransız dili müəllimlərinin peşə gününə həsr olunan tədbir keçirilib.

Unikal.org apa-ya istinadən məlumat verir ki, tədbirdə çıxış edən Universitetin prorektoru Novruz Məmmədov bildirib ki, Azərbaycan Dillər Universiteti fransız dili mütəxəssislərinin, müəllimlərinin formalaşmasında əsas rol oynayır:

"ADU-da fransız dilinin tədrisinin çox dərin tarixi var. Azərbaycanda fransız dilinin tədrisinə ötən əsrin 20-ci illərindən xarici dillər fakültəsi formasında başlanılıb".

N. Məmmədov bildirib ki, fransız dili bu gün də gənclərin diqqətini cəlb etməkdədir:  
"Fransız dili mədəniyyət, şeir, poeziya, təhsil dilidir. Azərbaycan Dillər Universitetində bu dilə böyük maraq var. Universitetin mütəxəssisləri, məzunları Azərbaycanın idarələrində, müxtəlif ali və orta təhsil müəssisələrində çalışırlar".

Prorektor bildirib ki, bu gün 1 milyona yaxın müəllim fransız dilini tədris edir:

"Azərbaycanda isə 450-yə yaxın fransız dili müəllimi var. Azərbaycan Dillər Universitetində 50-dən çox fransız dili müəllimi var və 500-dən çox tələbə bu dili öyrənməkdir. Universitetlərin əsas rolu tədrislə yanaşı tələbələrin yaradıcılıq xüsusiyyətlərini inkişaf etdirməkdir. Bu mənada ADU da yeni nəslin formalaşmasında mütəxəssislər yetişdirmək üçün çalışır".