Balakən rayonunun ən ucqar, qonşu Gürcüstanla sərhəddə yerləşən İtitala kəndində məktəbə yolu düşən hər kəs, özünü Avropanın hansısa inkişaf etmiş bölgəsində hiss edir. Məktəbin həyətində böyük velodayanacaqda səliqəylə düzülən 100-dən çox velosiped öz sahibini gözləyir. Çünki məktəbin hazırlıq sinfindən 11-ci sinfinədək əksər şagirdləri təhsil müəssisəsinə velosipedlə gedib gəlirlər.

Unikal.org xəbər verir ki, ARB TV-nin xəbərlər komandası bu maraqlı məkana baş çəkib.
Azərbaycan və gürcü bölmələri olmaqla ümumilikdə 368 şagirdin təhsil aldığı İtitala kənd məktəbində artıq 5 ildən çoxdur ki, dərsə velosipedlə gedib gəlmək bir ənənəyə çevrilib. Şagirdlər səhər dərsə gəldikdə həyətdə bu məqsədlə ayrılmış ərazidə velosipedi səliqə ilə saxlayır, dərsdən çıxdıqda isə sürərək, evlərinə gedirlər. Hər sinfin cərgəylə ayrılan öz saxlama yeri olduğu üçün dərs sonu şagirdlər qarışıqlıq yaşamırlar.