Bu gün Gəncədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dünya Bankının, digər aidiyyəti orqanların və media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbir iştirakçılarına bildirilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifahının yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərə dövlət qayğısının artırılması, həmçinin özəl sektorun bu sahədəki problemlərin həllini dəstəkləməsi istiqamətində işlər aparılır.
Qeyd olunub ki, ilk mərhələsi başa çatan proqram üzrə ölkədə 2500 məcburi köçkün gəncin peşə təlimlərinə cəlb olunması, seçdikləri sahələr üzrə biliyə yiyələnməsi, təcrübə əldə etməsi, təlimlərin sonunda sertifikat və avadanlıqlar alması nəzərdə tutulub.
Layihənin şərtlərinə uyğun olaraq, proqram 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə köçkün gənclərdən 833 nəfəri 6 ay peşə və 3 ay kompüter bacarıqları üzrə təlimlər keçib. Təlimləri uğurla başa çatdıran gənclər əlavə olaraq, 15 günlük “Biznesin idarə olunması” təlimlərinə cəlb edilib.
Gəncədə keçirilən tədbirdə də bir qrup gəncə seçdikləri peşələrə uyğun alət və avadanlıqlar verilib.