Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin Moskvada yaşayan azərbaycanlılarla görüşü keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək öncə tədbir iştirakçılarına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri barədə ətraflı məlumat verib. Diplomat bu səfərdən yaxşı nəticələr gözlənildiyini vurğulayıb.
Dövlət Komitəsi sədrinin bu ölkəyə ilk rəsmi səfərini və Rusiya azərbaycanlıları ilə aparılan işi yüksək qiymətləndirən səfir soydaşlarımızın çətinliklərindən bəhs edib, problemlərdən çıxış yolları, diaspor təşkilatlarının fəaliyyəti, onların arasındakı münasibətlər barədə fikirlərini bölüşüb. Həmin münasibətlərin səmərəli müstəviyə keçirilməsi məqsədilə görülən işləri, komitənin bu istiqamətdə hansı addımlar ata biləcəyini nəzərə çatdırıb. Bu zaman o, Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasını təqdir etdiyini ifadə edib.
Ətraflı çıxışına görə səfirə minnətdarlığını bildirən Fuad Muradov toplantı iştirakçılarına Rusiyaya səfər çərçivəsində keçirilən görüşlər barədə geniş məlumat verib. Dövlət Komitəsinin tarixindən danışaraq, Heydər Əliyevin bu qurumun yaranmasındakı rolundan, Prezident İlham Əliyevin diaspora qayğısından, onun yürütdüyü diaspor siyasətinin artıq öz real nəticələrini göstərdiyindən danışıb. Komitə sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən həftə Rusiyaya rəsmi səfər etdiyini xatırladıb. Ali qonağın Rusiyada Prezident Vladimir Putin, Baş nazir Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən qəbul edilməsi, “Azərbaycan” pavilyonunun açılış mərasimində iştirak etməsi kimi hadisələrin böyük qürur hissi doğurduğunu vurğulayıb.
Ölkələrimiz arasında münasibətlərdən və bu əlaqələrin inkişaf istiqamətlərindən bəhs edərkən, Komitə sədri diasporumuzun Rusiyadakı gücü barədə fikirlərini bölüşüb. Qeyd edib ki, Azərbaycan diasporu yüksək keyfiyyət göstəricilərinə malikdir.
Daha sonra Diaspor Komitəsinin fəaliyyətini əks etdirən video çarx nümayiş olunub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yübiley medalı ilə təltif olunan Rauf Atamalıbəyova, Ramiz Abutalıbova və Adil Hacınskiyə medallar təqdim edilib.
Tədbir müzakirələrlə davam edib. Müzakirələr zamanı Rusiyadakı soydaşlarımızı maraqlandıran müxtəlif mövzulara toxunulub, fikirlər və təkliflər səsləndirilib.