“Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində xüsusi əhəmiyyətli mövzulardan biri “Əşyaların interneti” olacaq. Təsadüfü deyil ki, sərgi çərçivəsində təşkil olunacaq 2-ci Xəzər İnnovasiya Konfransı “Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.
Unikal.org xəbər verir ki, sərgidə “İnternet of Things (İoT) Projects” adlı xüsusi stend fəaliyyət göstərəcək. Stenddə “Əşyaların interneti” üzrə müxtəlif maraqlı layihələr nümayiş etdiriləcək. Burada həm yeni layihələr, həm də artıq tətbiq edilən peşəkar “İoT” məhsullar vardır.
Stenddə yeni layihələrə xüsusi yer ayrılıb. Burada İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft Azərbaycan” şirkətinin “İoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim ediləcək. Layihələr sırasında “Air quality monitor”, “Smart Home”, “Ağıllı Suvarma Sistemi”, “Cleaner Drone”, “Parking Observer”, “Ağıllı Turniket”, “Fleet Management System İoT” həlləri və “İoT Maker” təlim proqramı kimi layihələr yer alıb.
Eyni zamanda stenddə müxtəlif şirkətlərin hazır məhsulları ilə tanış olmaq olar. “Smart Home” şirkəti “Ağıllı Bina və Ev” evlərin idarə edilməsinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş sistemi, “Spektra” şirkəti kənd təsərrüfatı üçün nəzərdə tutulmuş "Agro-Monitor" sistemini və “Beta Dynamics” şirkəti “Beta Cloud – İoT” cihazların idarə edilməsi üçün bulud platformasını nümayiş etdirəcək.
Sərgidə iki universitet maraqlı layihələrlə çıxış edir. Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat və Aviasiya Problemləri İnstitutu İşıqforların idarə olunması ilə bağlı layihəni, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “GardenX” adlı elektron və proqram təminatı həlləri ilə birləşdirilmiş “Ağıllı dibçək” layihəsini təqdim edəcək.