Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclası keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparatının və tabeli qurumlarının mütəxəssisləri, üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin mütəxəssisləri və ECO-nun müvafiq qurumlarının nümayəndələri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının rəsmiləri iştirak edir.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Artıq aqrar sektorda yeni iqtisadi münasibətlər formalaşıb, bu sahənin idarəetmə strukturunun dövrün tələblərinə uyğun olaraq formalaşdırılması, dövlət dəstəyi siyasətinin təkmilləşdirilməsi, istehsal edilən məhsulların rəqabətə davamlılığı artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməsi bu sahənin son dövrlərdə inkişafına təkan verən amillərdən biri olub. Məhz bunun nəticəsidir ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar nəticəsində kənd təsərrüfatında artım tempi dayanıqlı xarakter alıb, dinamik inkişaf trendi cari ildə də davam edib. 2019-cu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 7,1% artım qeydə alınıb və aqrar sektorun ÜDM-də payı 6,2 faizə çatıb”.

Tədbirdə çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinin kənd təərrüfatı və sənaye üzrə direktoru Memduh Unal bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirləri uğurla davam etdirir.

Daha sonra ECO-ya üzv ölkələrin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlər qrupunun 5-ci iclasının sədri seçilib və gündəlik təsdiqlənib. 

Qeyd edək ki, sabah “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclası özişinə başlayacaq. İclasda ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri, təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, aqrar sahə üzrə ekspertlər iştirak edəcək.