"Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi aqrar xidmətləri fermerlər üçün daha əlçatan edir. Xidmətlərin elektronlaşdırılması subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq, prosesin daha şəffaf şəkildə təmin olunmasına imkan verəcək, ünvanlığı təmin edəcək".
Unikal.org xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Şabran və Siyəzən rayonlarında keçirdiyi görüşlər zamanı deyib.
Nazir müavini bildirib ki, fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməsi istiqamətində 2019-cu il ərzində mühüm işlər görülüb: "İndi isə prosesin daha mühüm mərhələsi - payızlıq əkinlərin bəyan edilməsi dövrü başlanıb. Fermerlər hansı məhsulu əkdiklərini sistemdə bəyan etməlidir. 2020-ci ildən subsidiyalar bu bəyanlar əsasında veriləcək. Artıq 110 mindən artıq fermer payızlıq əkini bəyan ediblər. Fermerlərimizi bu prosesi sürətləndirməyə, yerli icra hakimiyyəti orqanlarını sənədlərin toplanması, yenilənməsi, meydana çıxa biləcək texniki problemlərin həlli məsələsində fermerlərə dəstək olmağa çağırıram".
Görüşlərdə yerli icra hakimiyyəti strukturlarının nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, EKTİS-in tətbiqində iştirak edən əməkdaşlar, bələdiyyə sədrləri, fermerlər iştirak ediblər.
Müzakirələr zamanı Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri EKTİS-in tətbiqi ilə əlaqədar verilən sualları cavablandırıb, yeni subsidiya mexanizminin fermerlər üçün yaratdığı üstünlüklər barədə izahat işi aparıblar.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər heyəti EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi mərhələsinin başlaması ilə əlaqədar bütün bölgələrdə maarifləndirici sessiyalar keçirir. Bu gün analoji görüşlərin İmişli, Saatlı və Sabirabad rayonlarında keçirilməsi nəzərdə tutulur.