Xəbər verdiyimiz kimi, ölkə başçısı Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul, Vüqar Vahid oğlu Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.
Unikal.org-un məlumatına görə, Hacıqabula təyin olunan icra başçısı deputat, Naftalana təyin edilən icra başçısı isə Xəzər rayon İcra Hakimiyəti başçısının müavinidir.
Rüstəm Gülabba oğlu Xəlilov - 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilib. Milli Məclisinin III çağırış deputatıdır. Rüstəm Gülabba oğlu Xəlilov 1958-ci ildə anadan olub. 2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimiçoxsaylı təkliflərin müəllifidir. Ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
Novruzov Vüqar Vahid oğlu - 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli Əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun baş müşaviridir.
Ailəlidir, üç övladı var.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun oğludur.