Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Cənubi Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Kim Tong Opu qəbul edib.
Unikal.org xəbər verir ki, qonağı salamlayan komitə sədri Azərbaycanla Koreya arasında əlaqələrin gündən-günə inkişaf etdiyini, ikitərəfli əlaqələrin dinamikasının hər iki ölkənin səlahiyyətli nümayəndələrinin qarşılıqlı səfərləri ilə daha da artdığını vurğuladı. Əhliman Əmiraslanov hər iki ölkə parlamentlərinin səhiyyə komitələri arasında əməkdaşlığın son illər ərzində gücləndiyini və bundan sonra da inkişaf edəcəyinə əminliyini qeyd etdi.
Görüş zamanı müzakirə mövzularından biri də 2020-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məsələsi olmuşdur. Cənab Kim Tong Op Azərbaycanın bu əhəmiyyətli məsələni uğurla həyata keçirəcəyinə əmin olduğunu söyləyərək, səhiyyə və tibb sahəsində, xüsusən də dünyada ən mükəmməl icbari tibbi sığorta sistemi kimi qəbul edilmiş Koreya sisteminin öyrənilməsi məsələsində hər zaman Azərbaycanı dəstəkləməyə hazır olduqlarını vurğuladı.
Görüşün sonunda belə görüşlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanaraq, Azərbaycanla Koreya Respublikası arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.