“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin əsasən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışı başa çatıb.
Unikal.org xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
İndiyədək Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Şabran, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı, İmişli, Zərdab, Balakən, Ağcabədi, Sabirabad, Salyan və Ağdaş rayonları üzrə 3 qrup olmaqla, müxtəlif kəndlərdə 169 səyyar satış xidməti həyata keçirilib. 730 kənd və qəsəbə üzrə səyyar gübrə satışından 5943 vətəndaş yararlanaraq, ümumilikdə 3383,89 ton mineral gübrə satılıb.
Mövsümün son səyyar gübrə satışı ötən həftə Şəmkir, Ağstafa, Tovuz, Qazax, Samux, Saatlı, Füzuli, Neftçala, Salyan, Şabran, Quba və Qusar rayonlarında həyata keçirilib. 12 rayon üzrə 14 kənddə baş tutan satışdan 55 kənddən 330 vətəndaş yararlanıb və ümumilikdə 158,05 ton mineral gübrə satılıb.
Qeyd edək ki, səyyar gübrə satışı zamanı qaydalarda və qiymətlərdə heç bir dəyişiklik edilməyib. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə əldə edə bilərlər. Səyyar xidmət zamanı vətəndaş banklara müraciət etmədən səyyar bank terminalları vasitəsi ilə ödənişlərini həyata keçirilib.