“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli mexanizmlərdən biridir.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda "Asan həyat" kompleksinin açılışında kompleksin əməkdaşları ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da ki, əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək. Biz buna nail oluruq.
Prezidentin sözlərinə görə, “ASAN xidmət”, eyni zamanda, bizim siyasətimizi göstərir ki, bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir.
"Bu, həm gənclərimizin istedadını, biliklərini göstərir və həm də kadr hazırlığı üçün də çox önəmlidir. Çünki artıq minlərlə ASAN könüllü müxtəlif önəmli vəzifələrdə çalışır. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bizim gənclərimiz məhz belə olmalıdır. Mən bu yaxınlarda Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdə gənclərə öz sözlərimi dedim və təkrar etmək istəmirəm. Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, Vətənə bağlı olmalıdırlar, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.
“ASAN xidmət”, eyni zamanda, xidmət sektorunda yenilikdir. “ASAN xidmət” göstərdi ki, xidmət sektoru necə olmalıdır. Bax, bütün “ASAN xidmət” mərkəzlərinə gələn, müraciət edən vətəndaşlar sizi görürlər, gözəl gənclərimizi, gözəl mədəniyyəti, xoş münasibəti, gülər üzləri görürlər. Doğrudan da böyük sərvətdir və bunu biz özümüz yaratmışıq. Bir daha demək istəyirəm ki, bu, bizim milli brendimizdir və milli sərvətimizdir.
Ona görə ASAN mərkəzlərinin sayının artırılması ilə bağlı mənim tərəfimdən göstərişlər verilir. Eyni zamanda, ASAN mərkəzlərinin funksiyalarının genişləndirilməsi ilə əlaqədar “ASAN xidmət” və onun rəhbərliyi çox fəal işləyir. Hər bir mərkəzin açılışında mən hansısa bir yeniliklə rastlaşıram. Mənə edilən məruzələrdən görürəm ki, ildən-ilə yeni innovasiyaları hərəkətə gətirmək üçün imkan yaradılır və bu innovasiyalar da tətbiq ediləcəkdir. Bu gün mənə məruzə edilən məsələlərdən biri “smart city” layihəsidir. Biz mütləq buna keçməliyik. Artıq müvafiq göstərişlər verildi ki, Bakı şəhərində “smart city” sisteminin tətbiqi üçün əməli addımlar atılsın. O cümlədən, digər şəhər və rayonlarımızda da bu istiqamətdə işlər görüləcəkdir", - deyə dövlət başçısı çıxışında qeyd edib.