"Mən çox şadam ki, Azərbaycanda könüllü hərəkatı geniş vüsət alır. Bu, doğrudan da onu göstərir ki, siyasətimiz həyatda öz əksini tapır".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda "ASAN həyat" kompleksinin açılışında kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib ki, könüllülər hərəkatı “ASAN xidmət”dən başlayıb. Prezidentin sözlərinə görə, “ASAN xidmət”də fəaliyyət göstərən gənclər mötəbər beynəlxalq idman yarışlarında da böyük işlər görüblər:
"Bütün oyunlarda iştirak etmiş könüllüləri mən şəxsi Fəxri diplomla təltif etmişəm. Çünki doğrudan da onların fəaliyyətini mən elə oyunlar gedən vaxt izləyirdim. Görürdüm ki, bizim gənclərimiz nə qədər böyük məhəbbətlə, peşəkarlıqla, nəzakətlə bütün qonaqlara xidmət göstərirlər, yol göstərirlər, kömək edirlər. Bilirsiniz, bu, artıq tərbiyədir. Bu proqramdan keçən gənclər artıq gələcək həyatda da belə olacaqlar. Xalqımıza xas olan, əsrlərboyu yaşatdığımız milli-mənəvi dəyərlər də bu prinsiplər üzərində qurulubdur. Mən bu barədə dəfələrlə demişəm ki, bizim gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar, necə ki, biz qoruyuruq. Məhz o təqdirdə biz öz milli mənliyimizi, ləyaqətimizi saxlaya bilərik, qoruya bilərik. Hansısa başqa bir mühitdə əriməyəcəyik. Ona görə xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür. Artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var. Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir".