Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin İdarə Heyətinin 10-cu toplantısı keçirilib. Toplantıda Azərbaycan, İran, Türkiyə, Pakistan, Əfqanistan, İraq, Almaniya, İsveçrə, İordaniya, Liviya, Qırğızıstan və digər dövlətlərin müvafiq qurumlarının rəhbər şəxsləri olmaqla ümumilikdə 17 ölkənin nümayəndəsi iştirak edib. Həmçinin tədbirə UNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Ümumdünya Meteorologiya Təşkilatın nümayəndələri də qatılıb.
Unikal.org xəbər verir ki, toplantıda ölkəmizi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Toplantını giriş sözü ilə açan İranın energetika naziri Rza Ərdakanian müasir dünyada ekoloji vəziyyətin dəyişməsindən və suya tələbatın artmasından danışıb. Qeyd olunub ki, zəruri tədbirlər görülməsə gələcəkdə insanlar təmiz su çatışmazlığı ilə üzləşəcək. Bu, bütün ölkələrin problemi olmalı və onun aradan qaldırılması üçün birgə səylər göstərilməlidir.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanın təşkilatın idarə heyətinə üzv qəbul edildiyi üçün təşəkkürünü bildirərək, ölkəmizdə su sektorunun inkişafı və perspektivləri, o cümlədən dövlətin bu sahəni daim diqqətdə saxlaması ilə bağlı toplantı iştirakçılarını məlumatlandırıb:
“Hesab edirik ki, dövlətlərin maraqlarının yaxınlaşdırılması transsərhəd çay sularından birgə istifadə haqqında qəbul edilmiş ümumi beynəlxalq-hüquqi sənədlərə və əlaqələndirilmiş regional su siyasətinə əsaslanmalıdır. Belə vacib sənədlərdən biri BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Konvensiyadır. Azərbaycan bu Konvensiyanı 2000-ci ildə ratifikasiya edib, onun "Su və sağlamlıq" Protokoluna isə 2002-ci ildə qoşulub.
Kür-Araz çayları hövzəsində yerləşən ölkələrdən yalnız Azərbaycan Helsinki Konvensiyasına qoşulub. Azərbaycan transsərhəd su siyasətini bu Konvensiyaya görə və qonşu ölkələrlə ikitərəfli müqavilələr əsasında qurur. İran ilə bu sahədə əməkdaşlığa 1963-cu ildən başlanılıb".
"Azərsu" ASC-nin sədri qeyd edib ki, Ermənistanla yaranmış münaqişə nəticəsində transsərhəd çayların su ehtiyatlarından səmərəli istifadə mümkün deyil. Bu münaqişə Azərbaycanı bəzi yerli su mənbələrində məhrum edib:
"Hazırda su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.
Eləcə də ölkəmizdə sudan qənaətlə istifadə texnologiyaları sürətlə inkişaf etdirilir və qeyri-ənənəvi su mənbələrindən istifadə istiqamətində tədqiqatlar aparılır, eksperimental qurğular inşa olunur".
Daha sonra Regional Mərkəzin qarşısında duran digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və növbəti illər üzrə fəaliyyət planı müzakirə olunaraq təsdiq edilib.