Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gürcüstanda səfərdədir.
Unikal.org xəbər verir ki, AQTA sədri Qoşqar Təhməzli dekabrın 6-da Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Büstün önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub. Agentliyin sədrini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.
Gürcüstana səfəri çərçivəsində Agentlik sədri Qoşqar Təhməzli Gürcüstanın Kənd Təsərrüfatı və ətraf mühit naziri Levan Davitaşvili ilə görüşüb.
Levan Davitaşvili bildirib ki, Gürcüstan bütün sahələrdə dost Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.
Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanaraq imzalanması imkanları nəzərdən keçirilib, xəstəlik və zərərvericilərdən azad zonaların yaradılması, sərhədyanı ərazilərdə fitosanitar monitorinqlərin keçirilməsi və zərərvericilərə qarşı birgə mübarizənin aparılması, sertifikatların elektron mübadiləsi mexanizminin təşkili və sahibkarlıq subyektlərinin qeydiyyatı ilə bağlı digər dövlətlərlə əməkdaşlıq mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli Gürcüstanın Milli Qida Agentliyində olub.