Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” (ATT) ASC-nin İdarə Heyətinin üzvü Sərxan Sərxanov və qurumun digər vəzifəli şəxsləri Kürdəmir və Yevlax rayonlarında yerli fermerlərlə görüş keçirib.
Bu barədə Unikal.org-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görı, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) baş tutan görüşlərdə fermerlərə ATT-nin fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verilib, onların problemləri dinlənilib.
Görüşdə çıxış edən Sərxan Sərxanov ATT-nin fəaliyyəti barədə məlumat verib fermerləri əməkdaşlığa və həyata keçirilən layihələrdə aktiv iştiraka dəvət edib:“ATT-nin əsas vəzifəsi insanlarımızı təhlükəsiz qida ilə təmin etməkdir. Bu vəzifəni sizin dəstəyiniz olmadan həyata keçirə bilmərik. Eləcə də siz bizim dəstəyimizlə təsərrüfatınızı inkişaf etdirə, daha çox məhsul yetişdirə və gəlirlərinizi artıra bilərsiniz. Hər birinizi birgə əməkdaşlığa dəvət edirəm. Sizinlə olan əməkdaşlığımız nəticəsində bu gün biz çoxlu sayda dövlət qurumlarının və özəl müəssisələrin qida təchizatını həyata keçiririk. Təchizat prosesi dövlət vəsaiti ilə birbaşa siz fermerlərdən tədarük edilən kənd təsərrüfatı və qida məhsulları hesabına baş tutur”. Sərxan Sərxanov çıxışında ATT-nin həyata keçirdiyi layihələrə və Yeni il bayramı ilə əlaqədar təşkil olunacaq bayram yarmarkasına da toxunub: “Biz hal-hazırda sizə alternativ satış kanalları və əlavə gəlir qazandırmaq üçün “Kənddən Şəhərə”, “Şəhərdən Kəndə” və AFAQ layihələrini həyata keçiririk.
“Kənddən Şəhərə” layihəsinə qoşulmaqla siz Bakıda hər həftəsonu təşkil olunan yarmarkalarda ödənişsiz iştirak edə və satış mərkəzlərimizdə öz məhsullarınızı paytaxt sakinlərinə təqdim edə bilərsiniz.
Qeyd edim ki, 21-30 dekabr tarixlərində isə Bakının 5 müxtəlif nöqtəsində “Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq. Hər birinizi bu yarmarkalarda iştiraka dəvət edirəm. “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi isə sizə təsərrüfatınızda yerli və xarici turistləri qəbul etməklə əlavə gəlir qazandıracaq. AFAQ isə qadınları dəstəkləyən bir layihədir. Biz istəyirik ki, aqrar sahədə fəaliyyət göstərən qadınların sayı daha çox, problemləri isə daha az olsun”.
Sonda isə Sərxan Sərxanov Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) bəhs edib, fermerləri yeni sistemdə təsərrüfatlarına dair məlumatları bəyan etməyə səsləyib.