Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər Narkoloji Dispanserdə olub, burada yaradılan şərait və görülən işlərlə tanış olub.
Unikal.org xəbər verir ki, 1986-cı ildən bu binada fəaliyyət göstərən tibb müəssisinin bütün otaqları yüksək səviyyədə təmir olunub, müasir avadanlıq və zəruri inventarla təchiz edilib.
Daha sonra tibb müəssisəsinin kollektivi ilə görüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər, yeni xəstəxana və tibb müəssisələrinin inşası və əsaslı təmir olunması Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar yaradır.
Vurğulanıb ki, son illərdə şəhərin əksər tibb müəssisələri əsaslı təmir olunub.
1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 və 2 nömrəli uşaq poliklinikaları, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb.
Qeyd olunub ki, Prezident Ilham Əliyevin 2019-cu il fevralın 11-də imzaladığı sərəncama əsasən 2 saylı Sumqayıt Şəhər Xəstəxanası tamamilə sökülüb və yaxın müddətdə onun yerində müasir xəstəxananın tikilərək şəhər sakinlərinin xidmətinə veriləcək.
Son illər tibb müəssisələrinin əsaslı təmiri ilə bərabər maddi texniki təzhizatı da yaxşılaşdırılmış, ehtiyac olan tibbi aparatura və avadanlıqlar alınmışdır ki, bu da əhaliyə göstərilən tbbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan tədbrilərin tərkib hissəsi olub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Sumqayıt şəhərində əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün bundan sonra da işlər davam etdiriləcək. Şəhər ərazisində təmirsiz olan bütün tibb ocaqları ən müasir səviyyədə yenidən qurularaq sakinlərin istifadəsinə veriləcək.