Yusif Hümbətov dövlət vəsaitini şəxsi biznesinə yönəldir
13:56 31-10-2012
İQTİSADİYYAT
Yusif Hümbətov dövlət vəsaitini şəxsi biznesinə yönəldir
"Azərsutikinti" ASC rəhbərinin yol verdiyi maliyyə yeyintilərinin təffərrüatları "Unikal"da
Vaxtilə Prezident Adminstrasiyası ərazi idarəetmə şöbəsinin müdiri kimi mühüm post tutmuş "Azərsutikinti" ASC-nin hazırkı rəhbəri Yusif Hümbətovun qaranlıq fəaliyyəti ilə bağlı redaksiyamıza olduqca ilginc məlumatlar daxil olub.
"Unikal"ı məlumatlandıran mənbənin sözlərinə görə, uzun illər mühüm vəzifələrdə çalışmış Yusif Hümbətov özü üçün böyük biznes şəbəkəsi yaratmağa nail olub və hazırda ona məxsus onlarla müxtəlif profilli obyektlər fəaliyyət göstərir.
Belə ki, paytaxtda fəaliyyət göstərən məşhur "Ayla" restoranlar şəbəkəsi, bir neçə şadlıq evi, irili-xırdalı müxtəlif istehsal sexləri, Xızı rayonunda hektarlarla ərazisi və fermer təsərrüfatları və s. Yusif Hümbətovun nəzarət etdiyi biznes şəbəkəsinin hələ tam olmayan siyahısıdır. Onun yaxınları vasitəsilə ölkədən kənarda da işgüzar fəaliyyətlə məşğul olduğunu iddia edən mənbəmizin sözlərinə görə, PA-nın sabiq şöbə müdirinin Çexiyada dəyəri
milyonlarla ölçülən villası var. Onun eyni zamanda MBD məkanına daxil olan keçmiş Sovet respublikalarında gəlirli biznes əlaqələrinə rəhbərlik etdiyi söylənilir. Maraqlıdır, görəsən Yusif Hümbətov bu qədər dəbdəbəni hansı vəsait hesabına qurub-yarada bilib? Biz hələ qanunun dövlət məmuruna bizneslə məşğul olmağı qadağan edən konkret tələbini bir kənara qoyaraq yalnız bir suala cavab arayırıq: Kimdir bu Yusif Hümbətov və onun gözqamaşdıran biznesi hansı maliyyə hesabına formalaşıb?
Məlumat üçün bildirək ki, Yusif Hümbətov Prezident Adminstrasiyasının ərazi idarəetmə şöbəsinin müdiri kimi məsul vəzifədə çalışıb və prezident İlham Əliyevin sərancamı ilə 2005-ci ildə bu postdan kənarlaşdırılıb. Həmin ildən etibarən isə onu həmin vəsifədə Zeynal Nağdəliyev əvəzləyib. Qəzetimizə danışan mənbə Yusif Hümbətovun tutduğu yüksək postdan uzaqlaşdırılması ilə bağlı da maraqlı faktlar təqdim edib. Sadəcə olaraq biz həmin faktların ciddiliyini nəzərə alaraq onları dəqiqləşdirmədən dərcini məqsədəuyğun hesab etmədik. Amma əməkdaşımız bu istiqamətdə araşdırmalarını davam etdirir və həmin araşdırmamızın yekunu olan daha geniş məqaləni qəzetimizin növbəti saylarında oxuya biləcəksiniz. Hələlik isə mövzuyla bağlı digər nüanslar üzərində dayanaq.
Bizi bilgiləndirən mənbə iddia edir ki, Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin iştirakı ilə "Azərsutikinti" ASC-nin tərkibinə daxil olan müəssisələrin özəlləşdirilməsi prosesinin ciddi şəkildə araşdırılmasına ehtiyac var və bu zaman Yusif Hümbətovun çoxqütblü kombinasiyalar sayəsində hansı əməliyyatları həyata keçirməsi aydınlaşar. Bununla yanaşı onun rəhbərlik etdiyi qurumun respublika üzrə həyata keçirdiyi layihələrə diqqət yetirilərsə bu zaman böyük korrupsiya və maliyyə yeyintilərinin də üstü açıla bilər. "Azərsutikinti" ASC-nin həyata keçirdiyi bahalı layihələr isə aşağıdakılardır:
Neftçala magistral kanalının, Biləsuvar rayonunun sərhəd ərazisində yığıcı kollektorun tikintisi və Məşədi Əzizbəyov adına kollektorun yenidən qurulması, Bərdə, Ağdam, Tərtər rayonları ərazisində qrunt suları səviyyəsinin aşağı salınması istiqamətində "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin sifarişilə işlər həyata keçirilir.
Quba rayonu ərazisində Qusarçay, Qudyalçay, Ağçay, Qaraçay, Xaçmaz rayonunda Qudyalçay, Tərtər rayonu ərazisində Tərtər çayında, Göyçay rayonu ərazisində Göyçay, Oğuz rayonu ərazisində Qala və Daşgil çaylarında sahilbərkitmə, Ağcabədi rayonunda Qarqarçayda isə selə qarşı mübarizə işləri aparılır.
Səhmdar Cəmiyyəti, bununla yanaşı, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişi əsasında hazırda Biləsuvar rayonunun "Aranlı" və "Çinarlı" təsərrüfatlarında meliorativ vəziyyətin və su təminatının yaxşılaşdırılması, Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində suvarma sisteminin qurulması, Goranboy rayonunda torpaqların meliorativ vəziyyətinin aşağı salınması, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi layihələrini icra edir.
Əldə etdiymiz məlumatlara görə, layihələrin icrası ilə bağlı aparılmış dövlət nəzarəti nəticəsində ortaya ciddi pozuntular çıxıb və həmin çatışmazlıqlarla bağlı yuxarı dairələr məlumatlandırılıb. Məhz bundan sonra Yusif Hümbətova qarşı əvvəllər də olan inamsızlıq bir qədər də artıb və hətta onun rəhbərlik etdiyi "Azərsutikinti" ASC-nin ləğvi belə müzakirələr mövzusuna çevrilib. Xatırladaq ki, adıçəkilən qurumun ləğv olunaraq "Azərsu"ya birləşdirilməsi ilə bağlı müzakirələrin getdiyini də ilk dəfə "Unikal" qəzeti yazmışdı və indi əldə etdiyimiz məlumatlar bu ehtimalın yenidən gündəmə gəldiyini təsdiqləyir.
"Azərsutikinti" ASC-nin həyata keçirdiyi layihələrdəki maliyyə maxinasiyaları və qurumun rəhbəri Yusif Hümbətovun geniş biznes şəbəkəsi ilə bağlı daha geniş məqaləni isə qəzetimizin növbəti saylarında oxuya biləcəksiniz.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54
2024-12-18 16:08:34
2024-12-18 11:50:23
2024-12-18 11:45:00
2024-12-18 11:32:44
2024-12-18 11:05:28