İlham Əliyev: "İşləmək istəyən hər bir insan işlə təmin edilməlidir"
13:57 31-10-2012
İQTİSADİYYAT
İlham Əliyev: "İşləmək istəyən hər bir insan işlə təmin edilməlidir"
Dövlət başçısının sözlərinə görə, yeni iş yerlərinin açılması bundan sonra yalnız sahibkarlığın inkişafı hesabına mümkün olacaq
Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycan prezidenti əvvəlcə Ağcabədi və Beyləqan rayonlarında yaradılan özəl pilot taxılçılıq təsərrüfatlarının layihəsini və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərə dair məlumatları əks etdirən stendlərlə tanış olub.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Aran iqtisadi rayonunun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və görülmüş digər işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat verib. Bildirilib ki, Fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan artıq güzəştli kredit verilib. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür.
Qeyd olunub ki, Fond vasitəsilə müasir texnologiyaların tətbiqinə əsaslanan 236 layihənin maliyyələşdirilməsinə 460 milyon manat kredit verilib. Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən kiçik və orta həcmli qeyri-neft sənaye müəssisələrinin yaradılması respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir.
S. Mustafayev dövlət başçısının tapşırığı ilə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı görülən işlər barədə də prezident İlham Əliyevə məlumat verib. Sonra Prezident İlham Əliyevin sahibkarlarla görüşü keçirilib.
Dövlətn başçısı görüşdə giriş nitqi söyləyib. O bildirib ki, həm Bakıda, həm bölgələrdə sahibkarlarla görüşləri mütəmadi xarakter daşıyır: "Bugünkü görüş də bölgənin sahibkarları ilə keçirilir. Əminəm ki, müzakirə ediləcək məsələlər bu bölgənin biznes mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək və biz istədiyimizə nail olacağıq".
İlham Əliyev bildirib ki, xarici sərmayələr nəticəsində icra edilən kontraktlarda iştirak etmiş şirkətlər gücləndi, böyüdü, öz vəsaitini əldə etdilər və öz növbəsində ölkəmizin qeyri-neft sektorunun inkişafına maliyyə dəstəyini göstərmiş oldular: "Yəni, bu, vacib məsələlərdən biridir və gələcəkdə vacib məsələ kimi qalacaq. Ancaq bununla bərabər, qeyri-neft sektorunun inkişafı bizim üçün prioritetdir və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbul olunması və icra edilməsi məhz bu məqsədi daşıyır. Deyə bilərəm ki, bu ilin statistik göstəriciləri bir daha nümayiş etdirir ki, biz bu sahədə böyük uğurlara nail ola bilmişik. Doqquz ayda qeyri-neft sektorumuz 10 faizdən çox artmışdır. Qeyri-neft sənayemiz 7 faizdən çox artıb. Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi davam etdirilir. Kreditlərin verilməsi və dövlət tərəfindən layihələrin icrasına nəzarətin gücləndirilməsi öz müsbət rolunu oynayır. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış müxtəlif layihələr üzrə biznes planlar əlbəttə ki, sahibkarların işini də asanlaşdırır. Çünki sahibkarlıqla məşğul olmaq üçün təkcə ilkin kapital kifayət etməz. Eyni zamanda, düşünülmüş, sınaqdan keçmiş və beynəlxalq təcrübəyə əsaslanan biznes plan da lazımdır. Dövlətimiz bu sahədə sahibkarlara öz yardımını əsirgəmir. Həm güzəştli kreditlər, eyni zamanda, müxtəlif layihələrin uğurla icra edilməsi üçün tövsiyələrini verir, inkişaf etdiriləcək istiqamətləri müəyyən edir. Eyni zamanda, sahibkarlara göstərilən dövlət dəstəyi və Prezident tərəfindən göstərilən dəstək əlbəttə ki, sahibkarları həm ruhlandırır, həm də onlar üçün yeni gözəl şərait yaradır".
Bölgə sahibkarlarının uğurlu fəaliyyəti üçün yerli icra orqanlarına da mütəmadi qaydada göstərişlər verildiyi deyən dövlət başçısı qeyd edib ki, sahibkarların fəaliyyətini dəstəkləsinlər, onların fəaliyyətini gücləndirsinlər və onlar üçün bütün lazımi şəraiti yaratsınlar: "Çünki bir daha demək istəyirəm ki, ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır. Biz gələcək illər üçün yeni proqramlar hazırlayırıq. Bu da təbiidir. Çünki həyat yerində durmur. Deyə bilərəm ki, 2004-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgələrdə mövcud olan əsas infrastruktur layihələri başa çatacaqdır. Bu layihələrin böyük əksəriyyəti artıq başa çatıb. Əvvəlki illərdə müxtəlif sahələr üzrə mövcud olan problemlər artıq yoxdur. Bu problemlər artıq aradan qaldırılıb. Vaxtilə elektrik enerjisi ilə təchizat narahatlıq yaradırdı. Artıq bu problem aradan qaldırılıb və beləliklə sahibkarların fəaliyyəti, yeni müəssisələrin yaradılması üçün gözəl şərait var".
İlham Əliyev Azərbaycanda demoqrafik vəziyyətin çox müsbət olduğunu bildirib. Onun sözlərinə görə, bəzi başqa ölkələrdən fərqli olaraq, əhalimizin sayı artır, bu da çox müsbət haldır: "Daha da sürətlə artmalıdır. Bu, öz növbəsində onu göstərir ki, gələcəkdə iş yerlərinin açılması prosesi davam etdirilməlidir. Yenə də deyirəm, dövlət bu istiqamətdə öz səylərini göstərəcək. Gələcəkdə sahibkarların fəaliyyəti üçün bütün lazımi tədbirlər görüləcək. Bayaq qeyd etdiyim kimi, gələn il Sahibkarlığa Dəstək Fondunun xətti ilə 300 milyon manat kreditin verilməsi rekord həddir. Bu günə qədər heç vaxt bu məbləğdə vəsait ayrılmayıb. Hesab edirəm ki, növbəti bir neçə il ərzində biz bu xətti saxlamalıyıq ki, 4-5 ildən sonra artıq verilən kreditlərin qaytarılması hesabına yeni sahibkarlara yeni kreditlərin verilməsi mümkün olsun. Sahibkarlığın inkişafı həm bölgələrdə, həm şəhərlərdə gedir. Ölkəmizin sənaye potensialının gücləndirilməsi sahəsində böyük işlər görülür, böyük planlarımız vardır. Artıq bu planlar həyata keçirilir. Yeni texnologiya parklarının yaradılması, yeni stimullaşdırma tədbirlərinin görülməsi prosesi başlamışdır. Yaxın gələcəkdə ölkə sənayesinin uğurlu və sürətli inkişafını daha da gücləndirmək üçün yeni stimullaşdırıcı tədbirlər nəzərdə tutulubdur. Yaxın gələcəkdə ictimaiyyət bu məsələlərlə bağlı məlumat əldə edəcəkdir. Biz sözlə, demək istəyirəm ki, sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır".
Sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradıldığını deyən dövlət başçısı vurğulayıb ki, həm dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir: "Sahibkarlar da sadəcə olaraq, bir daha demək istəyirəm ki, bu imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. Kənd təsərrüfatı ilə bağlı qarşımızda duran, sahibkarların qarşısında duran əsas məsələ ərzaq təhlükəsizliyimizi tam şəkildə daxili resurslar hesabına təmin etməkdir. Mən bu hədəfi bir neçə il əvvəl qarşıya qoymuşdum. O vaxt özümüzü təminetmə əmsalı çox aşağı səviyyədə idi. Ancaq biz həmişə qarşımıza böyük hədəflər, məqsədlər qoyuruq. Çünki uğura nail olmaq üçün başqa cür imkan olmayacaq. Bir neçə il bundan əvvəl məsələ qoyuldu ki, biz ərzaq təhlükəsizliyimizi daxili imkanlarımız hesabına təmin etməliyik. Deyə bilərəm ki, bu istiqamətlər üzrə böyük uğurlu yol keçmişik. Demək olar ki, hazırda əsas ərzaq məhsulları Azərbaycanda 100 faiz istehsal olunur. O məhsullar ki, hələ idxalla bağlıdır, yəni, idxaldan asılılığımız var, əminəm ki, yaxın gələcəkdə bu asılılıq da aradan qaldırılacaq, xüsusilə taxılçılıq sahəsində".
Prezident İlham Əliyev bildirib ki, ilkin böyük fermer təsərrüfatlarının yaradılması layihələri bu bölgədə həyata keçirilir: "Ağcabədi və Beyləqan rayonlarında iri fermer taxılçılıq təsərrüfatları fəaliyyətə başlayıb. Biz bu layihələrə böyük ümidlərlə yanaşırıq. Çünki bu layihələr pilot layihələrdir. Baxmayaraq ki, bu layihələr 5 min hektarı əhatə edir, böyük layihələrdir, ancaq birinci təcrübədir. Bu təcrübənin uğurlu nəticələri, əlbəttə, hesab edirəm ki, bu istiqamətdə atılacaq yeni addımlara gətirib çıxaracaq. Mən əminəm ki, təcrübə uğurlu olacaqdır. Gələn il biz bu təcrübənin ilkin nəticələrini görəcəyik. Həm məhsuldarlıq böyük dərəcədə artmalıdır, bəlkə də orta məhsuldarlıqdan iki dəfə çox olmalıdır. Eyni zamanda, yeni əkin sahələrinin dövriyyəyə buraxılması da ərzaq təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayacaqdır. Dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır. Bu imkanları dövlət yaradır, dövlət siyasəti yaradır. Bu seçilmiş istiqamətlər üzrə dövlət bütün səylərini səfərbər edir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün texnika, suvarma sistemi, gübrələr, güzəştli şərtlərlə verilən kreditlər lazımdır. Bütün bunları dövlət öz üzərinə götürür. Yəni, bir daha demək istəyirəm ki, Azərbaycanda sahibkarlar üçün yaradılan şəraiti heç bir başqa ölkədə görmək mümkün deyildir. Sahibkarlar da birinci növbədə bundan istifadə etməlidirlər, bunu qiymətləndirməlidirlər. Eyni zamanda, sahibkarlar sosial məsuliyyəti də dərk etməlidirlər və hiss etməlidirlər".
İlkin
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00