“Son illərdə bir çox yeni elektrik stansiyaları tikilib. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda, bizdə ixrac imkanları yaradılıb”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edərkən deyib.
“Bu il biz önəmli addımların atılması nəticəsində yeni istehsal güclərini işə saldıq. İlk növbədə, “Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisədir”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, sentyabr ayında onun iştirakı ilə stansiyanın açılışı olub: “Gücü 400 meqavat olan stansiya bizim enerji potensialımızı böyük dərəcədə artırır. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Ona görə bu stansiya bütün standartlara cavab verir”.