“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Qəbələ rayonuna çəkilən dəmir yolunun xəttinin istifadəyə veriləcəyi günü açıqlayıb.
Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında C.Qurbanov dəmir yolu xətti növbəti turizm mövsümünə qədər istifadəyə verilə bilcəyini anons edib.
“Ləki dəmir yolu stansiyasından Qəbələ rayonuna çəkilən dəmir yolunun xəttinin uzunluğu 43 km, stansiya yolları ilə birlikdə isə 46 km-dir. Həmin yolda sürüşmə zonası var, odur ki, iş bir qədər ağır gedir. Amma dəmir yolu xəttini növbəti turizm mövsümünə qədər istifadəyə verməliyik. Söhbət təkcə xəttin inşasından getmir. Stansiya tikilməlidir. Elektrik xətləri çəkməli, rabitə və işarəvermə sistemi qurulmalıdır. Nə qədər ağır iş olsa da, bu xətti çəkmək üçün hər bir şərait var”.
O həmçinin bildirib ki, Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb: "Bakı-Rusiya sərhədində olan yola Asiya İnkişaf Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcək".
C. Qurbanov deyib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb: "Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır”.