Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “McKinsey” məsləhətçi şirkətinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində böyük həcmli məlumatlar, yəni “Big Data” mövzusunda seminar keçirilib.
Unikal.org xəbər verir ki, seminar dövlət idarəçiliyində böyük həcmli məlumatların tətbiqi, onların idarə olunması, qərar qəbuletmə prosesində əhəmiyyəti, həmçinin dövlət qurumları tərəfindən göstərilən xidmətlərin vətəndaşlara təmassız və çevik şəkildə təqdim edilməsi ilə bağlı mövzulara həsr olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Rəqəmli inkişafın ölkəmizin müasir dövrünün başlıca məsələlərindən olduğunu deyən nazir müavini yaxın zamanlarda irihəcmli verilənlər sahəsində fəaliyyətin genişləndiriləcəyini diqqətə çatdırıb. “Ölkəmizdə rəqəmli texnologiyaların geniş tətbiqi, infrastrukturun təkmilləşdirilməsi, o cümlədən data mərkəzlərin yaradılması, məlumatların emalı sahəsində süni intellekt texnologiyalarının istifadəsi və kadr hazırlığı sahəsində addımlar atılır və atılacaq. 2015-ci ildən ölkəmizdə “Açıq məlumatlar” portalı fəaliyyət göstərir. Bu mənbədə 11 kateqoriya üzrə 9 dövlət qurumunun 650-dən çox açıq məlumatı yerləşdirilib və əsasında artıq bir çox tətbiqlər hazırlanıb. Nazirliyin tabeliyində fəaliyyət göstərən TIER III səviyyəli Data Mərkəz də öz imkanları və xidmətləri ilə ölkədə irihəcmli verilənlərin toplanılmasına və emalına öz töhfəsini verə bilər”, – deyə nazir müavini bildirib.
Seminarda, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Data analitikasının əhəmiyyəti, bu sahədə dövlət agentliyinin gördüyü işlər, gələcək planlar barədə ətraflı məlumat verib. O vurğulayıb ki, “ASAN xidmət” yarandığı gündən Data əsaslı qərar qəbuletmənin əhəmiyyətinə xüsusi önəm verilib və belə bir mədəniyyətin formalaşmasına diqqət ayrılıb. Sədr müavini bu cür tədbirlərin Data analitikası ilə bağlı çağırışlara diqqət ayrılması baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
Daha sonra tədbirdə “McKinsey” məsləhətçi şirkətinin nümayəndəsi Sinan Köksoy çıxış edib. O, böyük həcmli məlumatların, yəni “Big Data”nın analitik təhlili üzrə xarici ölkələrin təcrübə və tövsiyələrinin öyrənilməsi, idarəçilikdə tətbiqi haqqında danışıb. Həmçinin Qabaqcıl Analitika barədə məlumat verib.
“McKinsey” şirkətinin nümayəndələri Ankit Bisht və Borko Handjiski öz çıxışlarında ən yaxşı dünya təcrübələri barədə məlumat veriblər və dövlət idarəçiliyində böyük həcmli məlumatların istifadəsinin əhəmiyyətini vurğulayıblar.
Seminar interaktiv müzakirələrlə davam edib.