Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Xırdalan şəhər sakinləri ilə görüşü keçirilib.
Unikal.org xəbər verir ki, Abşeron RİH-nin binasında baş tutan görüşdə 100-dən çox sakin iştirak edib. Rayonda, eləcə də Xırdalanda görülən abadlıq-quruculuq işlərindən danışan başçı şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına diqqət çəkib. Su-kanalizasiya xətlərinin böyük bir qisminin çəkildiyini, ev birləşmələrinin verildiyini vurğulayan İ.Gülməmmədova prospekt və küçələrin genişlənildiyini deyib. Cənab Prezident İlham Əliyev tərəfindən Xırdalanın küçə və prospektlərinin asfaltlanması istiqamətində sərəncamların verildiyini önə çəkən başçı bu istiqamətdə işlərin başlanıldığını və küçələrə asfalt vurulduğunu söyləyib.
Şəhərin inkişafı, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastrukturun tələbatı qarşılamadığını, yeni sistemlər qurulduqdan sonra yaşanan bəzi problemlərin tamamilə həll olunacağını vurğulayan qeyd edib ki, Xırdalanın bütün avtomobil yollarının, prospekt və küçələrinin asvalt örtüyü yenilənəcək.
Sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Mirzəyev və digərləri çıxış edərək keçirilən səyyar qəbulların əhəmiyyətindən və burada qaldırılan məsələlərin həll olunmasından danışıblar.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, küçələrin abadlaşdırılması və digər məsələlər barədə olub.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.