Dekabrın 18-də “Qala” şadlıq sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Unikal.org xəbər verir ki, şadlıq sarayının böyük yolka qurulmuş, şarlarla bəzədilmiş zalında keçirilən bayram tədbirinə xüsusi qayğıya ehtiyaclı uşaqlar dəvət olunublar.
İlk öncə Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi il ərzində gördüyü işlər barədə tədbir iştirakçılarına qısa məlumat verib, problemli ailələrlə, problemli uşaqlarla işləyən bir təşkilat olaraq onlarla sıx əməkdaşlıq şəraitində işləyən idarə, müəssisələrə, xeyriyyəçi  iş adamlarına əməkdaşlığa görə razılıqlarını bildirib. Mərkəzin “Nəsimi ili” nə hazırladığı  “Məni candan usandırdı” klipi nümayiş etdirilib.

Mərkəzdən bəhrələnən uşaqların Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə hazırladıqları rəqs kompozisiyası da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Uşaqlar Şaxta baba, Qar qız və məzhəkəçi ilə birlikdə bol-bol rəqs ediblər, şeir deyiblər, əyləniblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Əməkdar müəllim Şəfaqət Rəsulov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Dövlət Sosial Müdafiə  Fondu İsmayıllı Rayon şöbəsinin əməkdaşı Fuad Məmmədəliyev çıxış edərək dövlətin xüsusi qayğıya ehtiyaclı uşaqlarla bağlı gördükləri işlərdən danışaraq bu kimi tədbirləri də bu qayğının davamı kimi dəyərləndiriblər, uşaqları təbrik edərək, xoş arzular dilə gətiriblər.

Uşaqlar tədbirdən yeni il hədiyyələri və gələn yeni ilədək xoş hisslərlə xatırlanacaq təəssüratlarla ayrılıblar.