Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) doqquzuncu plenar iclasında TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri, akademik Əhliman Əmiraslanov "Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: hüquqi dəstək" mövzusuna dair tövsiyə qərarı üzrə çıxış edib.
Unikal.org xəbər verir ki, hesabat məruzəsindən irəli gələn tövsiyələrin Türkdilli ölkələr arasındakı təbii sərvətlərin səmərəli istifadəsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəldiyini vurğulayan Əhliman Əmiraslanov qeyd edib ki:
”Tövsiyyə qərarında TÜRKPA tərəfindən 23-24 yanvar 2019-cu il tarixlərində keçirilmiş “Meşələrin təbii sərvətlərinin qorunması və təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi üzrə seminar”-ın əhəmiyyəti xüsusilə vurğulanır. Seminar Türkiyə Böyük Millət Məclisinin dəstəyi ilə Ankara şəhərində təşkil edilmişdir. Qeyd etmək istəyirəm ki, millət vəkilləri və ekspertlərin iştirakı ilə belə toplantıların keçirilməsi hesabat məruzələri və tövsiyə qərarlarının daha peşəkar səviyyədə hazırlanmasına yardım edir. Eyni zamanda, tövsiyyə qərarında qeyd olunur ki, Türkdilli ölkələr təbii sərvətlərin səmərəli istifadəsinə və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində strategiyalara böyük əhəmiyyət verirlər. Məhz bunların sayəsində regional və milli fəaliyyət planları təbii ehtiyatların davamlı istifadəsi üzrə fəaliyyətlərini davam etdirir. Təbii ehtiyatların qeyri səmərəli istifadəsi insan sağlamlığına və insanların həyat keyfiyyətinə ciddi təsir edir. Bioloji müxtəlifliyin azalması, torpaqların daha çox eroziyaya uğraması və tullantı miqdarının artması ilə bağlı dünyada narahatlıqlar getdikcə artmaqdadır. Bu baxımdan təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə məsələsi illərdir öz aktuallığını saxlamaqdadır. Ümumiyyətlə, tövsiyyə qərarında TÜRKPA üzvü olan ölkələrin təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi ilə bağlı qatıldığı və qəbul etdiyi beynəlxalq konvensiyalar və qanunlar nəzərə alınır. Ümid edirəm ki, bu tövsiyə qərarları təbii sərvətlərin səmərəli istifadəsi sahəsindəki qarşılıqlı əməkdaşlığımızın artmasına fayda gətirəcəkdir”.