Qürbətdə şəfa tapanlar...
14:03 31-10-2012
CƏMİYYƏT
Qürbətdə şəfa tapanlar...
Vüqar Bayramlı: "Ölkədəki valyuta xaricə axır"
Azərbaycanda 2012-ci ilin 6 ayı ərzində ölkə xaricində müalicə üçün 684 nəfər qeydiyyatdan keçib. Bunlardan 3 nəfərin tibbi göstəriş əsasında xaricdə müalicəsi üçün qərar qəbul olunub. Bu barədə Səhiyyə Nazirliyindəki "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyanın sədri Nəsib Quliyev məbuata açıqlamasında bildirib.
Qurum rəhbərinin sözlərinə görə, 2005, 2006, 2007-ci illərdə xaricə göndərilənlərin sayı çoxluq təşkil edirdisə, indi bu say azalıb.
Ancaq İqtisadi və Sosial İnkişaf Mərkəzinin apardığı monitorinq isə bunun əksini göstərir. Mərkəzin rəhbəri iqtisadçı-ekspert Vüqar Bayramov aparılan monitorinq zamanı müalicə üçün xaricə üz tutan azərbaycanlıların sayının artdığını və həmyerlilərimizin müalicə üçün əsasən 3 qrup ölkələrə getdiklərini bilirdi. Azərbaycanlıların müalicə üçün üz tutduqları I qrup ölkələr əsasən inkişaf etmiş ölkələr - Almaniya və İsraildir. Bu ölkələrə bir qayda olaraq, imkanlı ailələr gedirlər. Çünki bu ölkələrdə müalicənin orta qiyməti təxminən 30 min avro civarındadır.
Azərbaycanlıların müalicə üz tutduqları ikinci qrup ölkə isə Türkiyədir. Vüqar Bayramovun sözlərinə görə, Türkiyəyə əsasən orta təbəqənin nümayəndələri gedir. Buna səbəb isə Türkiyədə digər Avropa ölkələri ilə müqayisədə müalicənin qiymətinin daha aşağı olmasıdır.
Türkiyədə səhiyyənin sahəsindən asılı olaraq müalicənin qiyməti 1500-15000 avro arasında dəyişir.
Azərbaycandan ölkə xaricinə üz tutan üçüncü qrupdakıların İrana getdiyini söyləyən ekspert açıqladı ki, onlar gəliri az olan, eyni zamanda sərhədyanı rayonlarda yaşan əhali qrupdur. İranda səhiyyə xidmətinin qiyməti növündən asılı olaraq 200-2000 avro arasında dəyişir. Digərləri isə ölkə daxilində müalicə alan vətəndaşlarımızdır.
İnsanların xaricə müalicəyə getməsini ölkə üçün iqtisadi cəhətdən mənfi qiymətləndirən ekspert bildirir ki, bu proses nəticəsində praktiki olaraq valyutanın bir ölkədən o birisinə getməsi deməkdir ki, bunda da Azərbaycan uduzur. Bir sözlə, ölkədəki valyuta xaricə axır.
Vüqar Bayramov bu amilin ölkə daxilində səhiyyənin vəziyyətinin aşağı saldığı fikrindədir. Çünki ölkə daxilində müalicə alanların sayı azaldıqca, ölkədə səhiyyə sistemindəki vəsaitin həcmi də azalır. Vüqar Bayramov söyləyir ki, bütövlükdə səhiyyə xidmətinin dövriyyəsini götürdükdə nağd vəsait, yəni əhalinin özəl olaraq ödədiyi vəsaitin həcmi azdır. Bu o deməkdir ki, əhali xaricdə səhiyyə xidməti almaqda maraqlıdır.
Azərbaycan vətəndaşlarının yerli həkimlərə etibar etməyərək, müalicəyə xaricə getmələrinin ölkəyə vurduğu ziyanlardan biri də həyat sığortası-tibbi sığortaya maraq azalmasına gətirib çıxarır. Hətta vəziyyət o həddə çatıb ki, Azərbaycanda tibbi sığortanın payı bütün sığorta növlərindən az olaraq, cəmi 10% təşkil edir.
İqtisadçı ekspert apardıqları monitorinqlərə əsasən xaricdə müalicəyə gedən xəstələrin sayında artımın İrana gedən əhali qrupunda daha yüksək müşahidə olduğunu bildirir. 2011-ci ildə İranda müalicə alanların sayı 2010-cu illə müqayisədə təxminən 15% artım olub.
Vətəndaşların müalicə üçün daha çox xaricə ölkə həkimlərinə etibar etdiklərini həkimlər özləri də etiraf edir. Ekspertin söylədiyi kimi insanların müalicə üçün İrana getməsi elə-belə baş vermir. Birinci olaraq, İran digər ölkələr ilə müqayisədə daha ucuzdur. Ora getmək üçün viza tələb olunmur, lazım olan dərmanları da orada daha ucuz qiymətə tapmaq mümkündür. Həm də keyfiyyətlidir. Azərbaycanda isə səhiyyənin dövlət müəssisələrində pulsuz olduğu deyilsə də, vəziyyət o həddə çatır ki, xəstə bura tökdüyü və heç bir nəticə əldə edə bilmədiyi canını götürüb o ölkəyə qaçır.
Amma həkim-ekspert Adil Qeybulla deyilənlərlə razılaşmadı. O, vətəndaşların xaricə müalicəyə getməsini sadəcə görüntü və şöhrətpərəstlik olduğunu söylədi.
"Hesab edirəm ki, bu, insanlarda bir tendensiyadır. Əhali lazım gəldi-gəlmədi xaricə getməyə üstünlük verirlər. Amma bizdə xaricdə təhsil alan, peşəkarlıq səviyyəsinə çatan kifayət qədər yaxşı həkimlər var"- deyən tibb eksperti vətəndaşların xaricə müalicəyə getməsini əsaslandırmağa çalışdı.
Ekspert hesab edir ki, qeyri-peşəkar həkimlər insanların gözünə qorxu salıb. O düşünür ki, xəstələr bəzən peşəkar olmayan həkimlərin əllərinə düşürlər, heç bir nəticə əldə edə bilmirlər və nəticədə bezib xaricə üz tutmalı olurlar.
Adil Qeybulla bu sahədə əsas problemin insanların milli səhiyyəyə inamsızlığında görür.
"Məsələn, əgər səhiyyəyə məsul olan hər hansı məmur xırda bir şey üçün xaricə üz tutursa, təbii ki, imkanı olanlar da belə edəcəklər. Bəs necə olur ki, prezident övladının müalicəsini bu ölkəyə güvənir, amma hansısa ortaranqlı məmur ədasından xaricə üstünlük verir? Halbuki, həmin məmurlar Azərbaycan səhiyyəsinin peşəkar olmasında hər hansı şəkildə məsuliyyət daşıyırlar. Bir sözlə, bu məsələlər həm də milli heysiyyat məsələsidir".
Tibb eskperti bütün mövcud olan problemlərə baxmayaraq çox nikbindir. Etiraf edir ki, bu gün Azərbaycan səhiyyəsinə peşəkar kadrlar gəlir. Bunu da artıq Azərbaycanda əvvəllər mümkün olmayan, lakin indi uğurla reallaşdırılan boyun yırtığı, ürək əməliyyatları, orqan köçürmələri ilə əsaslandırır.
Aynur
Digər Xəbərlər
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47