Dekabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) VII Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 89 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Socar, Azərenrji, Azərbaycan Dəmir Yolları, Bakı Metropoliteni, Socar Fugro, Socar AQŞ, Azərkimya İB, Sumqayıt Texnologiyalar Parkı, Azərgold, Aztelecom, Azərcell və digərləri  iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 629 vakant iş yeri və 321 təcrübə yeri təklif olunub.

Unikal.org xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı sərgi iştirakçılarını salamlayaraq universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgilərinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə keçmək imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Məzun-Karyera sərgiləri məzun və işəgtürənlərin qarşılıqı faydalı əməkdaşlıq əlaqələri qura bilməsi üçün əlverişli platformadır və gələcəkdə sərgi formatının daha da təkmilləşdirilməsinə yönəlmiş addımların atılacağını qaçılmazdır. Dövlət qurumları və şirkətlərin ADNSU-da keçirlən Məzun-Karyera Sərgilərində fəal iştirakını işəgötürənlərin universitet məzunlarının bilik və bacarıqlarına güvəninin göstəricisi olduğunu qeyd edən rektor Mustafa Babanlı milli iqtisadiyyat və sənaye üçün yüksəkixtisaslı kadrların yetişdirilməsinin universitetin qarşısında prioritet məsələ kimi dayandığını vurğulayıb və sərgidə iştirak edən bütün qurumlarının nümayəndələrinə təşəkkürünü bildirib.

Sərginin açılış mərasimində Socarın Kadrlar üzrə aparıcı mütəxəssisi Kəmalə Alışova, “AKBİS” MMC-nin direktoru Maksim Afanasyev çıxış edərək təcrübə proqramlarından, məzun-karyerə sərgisinin əhəmiyyətindən danışıblar. Onlar  ADNSU-da keçirilən VII Məzun-Karyera sərgisini uğurlu və yüksək qiymətləndiriblər. Belə sərginin təşkilinin tələbələr üçün vacib bir şans olduğunu deyiblər.

Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, “Azİİ məzunları” İB-nin sədri Hacı Nuran Hüseynov sərgidə iştirak edən qurumların  stendləri ilə tanış olublar. Şirkət nümayəndələri rektor M.Babanlıya təqdim etdikləri vakansiyalar, təcrübə proqramları barədə məlumat veriblər.

Saat 10:00-dan 12:00-dək davam edən sərgidə şirkət nümayəndələrinə tələbə və ADNSU-nun məzunları tərəfindən 2034 CV təqdim olunub.