İsmət Abbasov sahibkarları növbəti dəfə aldatdı
12:35 01-11-2012
İQTİSADİYYAT
İsmət Abbasov sahibkarları növbəti dəfə aldatdı
Kənd Təsərrüfatı Nazirliyi bal
yarmarkasını vaxtından əvvəl dağıtdı
Ötən gün paytaxtda sahibkarlara qarşı növbəti təzyiq dalğası reallaşdı. Bu dəfə isə hədəf arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarlar oldu. Kifayət qədər müəmmalı və baş vermə səbəbinə aydınlıq gətirilməyən olayın təffərrüatı isə aşağıdakı kimidir.
Məlumat üçün bildirək ki, arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının keçirilmə tarixi öncədən qararlaşdırılmışdı və oktyabrın 17-dən noyabrın 5-dək keçirilməsi nəzərdə tutulurdu. Amma dünən gözlənilmədən sərgi iştirakçılarına bəyan edilib ki, tədbir təcili olaraq başa çatdırılmalıdır. Buna etiraz edən arıçılar tədbirin noyabrın 5-də yekunlaşmalı olduğunu xatırladaraq qərara etiraz etmələri isə nəticəsiz qalıb. Hadisə yerinə çağrılan polisin köməyi ilə bal sərgisi zorla dağıdılıb və arıçılara bununla bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, metronun "Gənclik" stansiyasının yaxınlığındakı "Laləndə" şadlıq sarayında açılan arıçılıq məhsullarının yarmarkası 20 gün çəkməli idi. Bu müddətin əvəzində arıçılar yerpulu da ödəmişdilər. Lakin yarmarkanın başa çatmasına bir həftə qalmasına baxmayaraq, dünən saat 16.00 radələrində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Nərimanov Rayon Polis İdarəsi əməkdaşları ilə birgə "Laləndə" şadlıq sarayına gələrək arıçılardan yarmarkadan çıxmağı tələb ediblər.
Hadisə yerində olan əməkdaşımızın məlumatına görə, nazirlik nümayəndələrinin gözlənilməz tələbindən təəccüblənən arıçılar əvvəlcə yarmarkanı tərk etmək istəməyiblər. Amma işə hadisə yerinə çağırılan polislər müdaxilə edəndən sonra arıçılar "Laləndə"dən qovulublar. Buna etiraz edən arıçıların yarmarka ərazisindən keçən Atatürk prospektinə toplaşması bir müddət nəqliyyatın hərəkətinə də maneçilik törədib, yolda tıxac yaranıb. Arıçılar tələb ediblər ki, qalan 5 günə görə ödədikləri yerpulu onların özlərinə qaytarılsın. Lakin nazirlik nümayəndələri buna məhəl qoymayıblar və polis əməkdaşları arıçıları Atatürk prospektindən də uzaqlaşdırıb.
Maraqlıdır, Kənd Təsərrüfatı Nazirliyi özü təşkil etdiyi qanuni yarmarkanı niyə vaxtından əvvəl dağıdıb? Bununla bağlı mətbuata açıqlama verən KTN-nin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov doğurdan da bal yarmarkasının vaxtından əvvəl başa çatdığını təsdiqləyib. Lakin o, bunun üçün əsaslı səbəb göstərməyib. Şöbə müdiri yalnız hamının bildiyi həqiqəti təkrarlamağı lazım bilib ki, noyabrın 5-dək davam etməli olan bal yarmarkasını oktyabrın 31-də bağlamaq qərara alınıb: "Belə qərar verildi ki, yarmarkanın keçirilməsi üçün bu müddət bəs edər. Odur ki, bal yarmarkası başa çatdı. Hökumət belə məsləhət gördü ki, bal yarmarkasının keçirilməsi üçün 14 günlük müddət bəs edər. Artıq 14 gün idi ki, yarmarka keçirilirdi. Ona görə də yarmarka vaxtından əvvəl başa çatdı".
Təbii ki, KTN rəsmisinin "belə məsləhət olundu və biz yarmarkanı bağladıq" açıqlamasını tam və ətraflı izah saymaq olmaz. Axı ortada kifayət qədər açıq suallar qalır: Bu qərarı kim verib? Qərarı verən strukturun və ya vəzifəli şəxsin kimliyi niyə gizli saxlanılır? Yaxud, heç kimə ziyanı olmayan bal yarmarkası noyabrın 5-nə qədər davam etsəydi nə baş verəcəkdi ki, bunu tez-bazar yığışdırmaq zərurəti meydana çıxıb və s...
Göründüyü kimi cavabını istəyən suallar kifayət qədər çoxdur və biz "Unikal" olaraq bu açıq qalan sualların cavablarını tapmağa çalışacağıq. Hələliksə məlum olan odur ki, baş vermiş anoloqu olmayan rüsvayçılıq kənd təsərrüfatı naziri İsmət Abbasov üçün ciddi başağrısına da çevrilə bilər. Hər halda inandırıcı deyil ki, İsmət Abbasov yarmarkanın yarımçıq sona çatdırılmasından xəbərsiz olub, bu mümkün deyil. Hətta çox böyük ehtimalla yarmarkanın tələsik və vaxtından əvvəl bağlanmasının təşəbbüskarı məhz İsmət Abbasovun özü olub. Nazirin sahibkarlara qarşı belə bir hörmətsiz davranışının arxasında hansı gizlinlərin yatdığını isə yaxın günlərdə biləcəyik.
Natiq Rəhimov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00