Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbi, habelə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəhbərliyi və əməkdaşlarının təmsil olunduğu tədbirdə ölkənin milli təhlükəsizliyinə - suverenliyi, ərazi bütövlüyü, hüquqi, iqtisadi və informasiya təhlükəsizliyi və s. - mövcud təhdidlərin qiymətləndirilməsi və onlarla mübarizə metodlarının inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.
Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov tədbirin xüsusi təyinatlı ali təhsil müəssisələrinin iştirakı ilə təşkil olunan ilk dəyirmi masa olduğunu, əlaqələrin möhkəmləndirilməsi, elm, tədris və təlim prosesi sahəsində daha yaxından əməkdaşlıq etmək üçün effektiv platforma olduğunu bildirib.
Akademiya rəisi Gömrük Akademiyasında aparılan tədqiqatların, kadr hazırlığı və gömrük xidməti əməkdaşlarının potensialının gücləndirilməsi istiqamətində keçirilən təlimlərin bilavasitə Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini vurğulayıb.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən, Gömrük Akademiyası ilə rəhbərlik etdiyi təhsil müəssisəsi arasındakı uzunmüddətli səmərəli əlaqələrdən danışıb və "İctimai təhlükəsizlik - milli təhlükəsizlik kontekstində” mövzusunda məruzə ilə çıxış edib.
Sonda iştirakçılar Gömrük Akademiyasında yaradılan infrastruktur, təlim və tədris prosesi ilə yaxından tanış olublar.