Gürcüstan: Geriyə, Putinin tövləsinə?
12:36 01-11-2012
İQTİSADİYYAT
Gürcüstan: Geriyə, Putinin tövləsinə?
Qonşu ölkədə siyasətin yeni dönəmi haqqında
Gürcüstanda parlament seçkilərini bir çox ekspertlər bütün Cənubi Qafqaz, ən başlıcası, gürcü cəmiyyəti üçün yetkinlik sınağı hesab edirlər. Təəssüflə qeyd etməliyəm ki, gürcü cəmiyyəti bu sınaqdan keçə bilmədi, demoqogiyaya və Kreml kreaturasının "Gürcü arzusu" təmsilçiləri qismində boş vədlərinə uydu.
Mahiyyət etibarilə, Qldan həbsxanasında işgəncələrlə bağlı Rusiya xüsusi xidmət orqanlarının hazırladqıları qalmaqal seçkilərin nəticələrinə həlledici təsir etdi. Düzdür, çox tezliklə məlum oldu ki, "Gürcü arzusu" üzvlərinin ağızları köpüklənə-köpüklənə qışqırdıqları məhbusların zorlanma faktı olmayıb. Amma video öz çirkin işini gördü, daxili siyasi arenada qüvvələr balansını kəllə-mayallaq çevirdi.
Qeyd etmək lazımdı ki, seçkiöncəsi kampaniyanın gedişində "Gürcü arzusu"nun lideri, rus milyarderi bir dəqiqənin içində Bidzinaya çevrilən Boris İvanişvili Kremldən aralanmaq üçün qüvvə və vəsaitini əsirgəmədi. Adəti üzrə, o, bu taktikanı seçkidən sonra da davam etdirir. Beləliklə, B.İvanişvili Gürcüstanın NATO-ya və AB-yə daxil olması prosesinin zəruruliyini bildirir. Amma , "Gürcü arzusu"nun ilk real addımları əksini göstərir, yəni, yeni hökumətin Rusiya, Kreml, Putinyönlü mövqeyindən xəbər verir.
"Gürcü arzusu"nun ilk addımlarından belə bir rəy yaranır ki, bu koalisiyanın Kreml rəhbərinin istənilən vasitəylə xoşuna gəlmək və keçmiş Saakaşvili hökumətinin bütün fəaliyyətini total şəkildə inkar etmək istisna olmaqla, ümumiyyətlə, heç bir dəqiq fəaliyyət proqramı yoxdur. Bununla yanaşı, hər hansı layihənin təşəbbüsçüsünün M.Saakaşvilinin olması onun dayandırılması üçün kifayət edir. Məsələn, hələ öz vəzifələrinin icrasına başlamamış vitse-premyer və hökumətin energetika naziri K.Kaladze Qara dəniz sahilində yeni paytaxt Lazik layihəsinin dayandırılması barədə bəyan edib. Özü də "İnter" və "Cenoa"nın keçmiş müdafiəçisi Kaxa Kaladze özü yetərincə qalmaqallı və ziddiyyətli fiqur hesab olunur. Xatırladaq ki, bu ilin yazında K.Kaladzeni İtaliya polisi şübhəli şəxs qismində saxlayıb. O, razılaşdırılmış oyunların təşkilində və onlarda iştirakında, eyni zamanda İtaliyanın "A" seriyasından olan korrupsiya maxinasiyalarında şübhəli bilinirdi. Kaladze bundan sonra futbol karyerasının bitdiyini elan etdi və İtaliyadan qaçmalı oldu.
Gürcüstanda Kaladze , B.İvanişvilinin "Gürcü arzusu"nun qanadı altında isti sığınacaq tapdı. İtaliya polisinin ona qarşı ittihamları üzərindın götürülməsə də, B.İvanişvili, Kaladzeyə ənənəvi olaraq ən korrupsiyalaşmış sahələrdən biri hesab olunan energetika sahəsini etibar etdi. Buradaca İvanişvilinin qalib gələcəyi təqdirdə korrupsionerlərin və "qanuni oğruların" hakimiyyətinin bərpa olunacağını proqnozlaşdıran ekspertlərə necə inanmayasan?
Sonra , "Gürcü arzusu" Gürcüstan parlamentinin Tbilsidən Kutaisiyə köçürülməsi ilə bağlı qərarı müzakirəyə çıxardı. Bu qərarı sabiq hökumət ölkənin iqtisadi, siyasi, mədəni potensialının mərkəzləşdirilməsi məqsədilə vermişdi. Amma bu, "Gürcü arzusu"nun xoşuna gəlmədi. Görünür, B.İvanişvilinin silahdaşları parlamentin ölkənin əsas korrupsiya mənbələrindən uzaq olmasını istəmədilər. Axı kasıb kutaisililərdən nə almaq olar ki?
B.İvanişvilinin Putinə növbəti reveransı Gürcüstanda rus məktəblərinin bərpası və yeganə rusdilli telekanalın ("Pervoe informaüionnoe kavkazskoe" - PİK) fəaliyyətinin dayandırılması üzrə planlar oldu. Sonuncu qərar yeni gürcü hakimiyyətinin antiRusiya təbliğatında maraqlı olmaması ilə izah olunur. Halbuki hətta ən müstəqil rus mənbələri də təsdiq edir ki, bu telekanalın prqoramlarında Rusiya əleyhinə heç nə olmayıb və PİK yalnız Rusiyada, xüsusən də Cənubi Qafqazda və başqa ölkələrdə reklamla məşğul olub. Amma bu, "Gürcü arzusu"na 1 oktyabr seçkilərindən dərhal sonra telekanal əmkdaşlarına maaş verməkdən imtina etməsinə mane olmadı. Bu günlərdə isə PİK-in fəaliyyəti tamamilə dayandırıldı, onun 400 əməkdaşı isə işsiz qaldı.
Görünür, İvanişvişli bütün bunlarla kifayətlənmək niyyətində deyil və Gürcüstan irimiqyaslı "əcinnə ovu"nun astanasındadır. Belə ki, Gürcüstan parlamentində M.Saakaşvilinin hakimiyyəti illərində törədilən "cinayətlərin" araşdırılması ilə bağlı komissiya yaradılacaq. Bu barədə Gürcüstan parlamentinin yeni spikeri David Usupaşvili bəyanat verib. Ən maraqlısı budur ki, bu komissiyanın rəhbəri D.Usupaşvilinin arvadı - Tinatin Hicaşelidir. Böyük ehtimalla, bu komissiyanın təşəbbüsü ilə başlanan işlərə prokuror və hakim qismində onların oğulları Alksandr və Qriqol baxacaq. Bu da sizə gürcüsayağı "ailəvi ədalət" məhkəməsi.
Ən azı, deputat, təhlükəsizlik üzrə parlament komissiyasının keçmiş rəhbəri Givi Tarqamedzeyə qarşı cinayət işinin başlanması təşəbbüsü artıq xanım T.Hicaşelinin komissiyasının hansı istiqamətdə işləyəcəyindən açıq-aşkar xəbər verir.
Buna zəmin NTV kanalının hətta Rusiyanın özünün belə ciddi qəbul etmədiyi "Etirazın anatomiyası-2" qalmaqallı filmindəki kadrlardır. Belə ki, Kremlə loyal münasibəti ilə tanınan məşhur jurnalist, RBK-TV-nin baş direktoru Aleksandr Lyubimov filmi "məzhəkə" adlandırıb və rus televiziyasının aşınması əlaməti hesab edib. Onun fikrincə, FTB materialları əsasında çəkilən bu film saxta araşdırmadır, çünki oradakı yalanı həqiqətdən ayırmaq olmur.
Amma bu, çətin ki, "Gürcü arzusu"ndakı Kreml əlaltılarını Q.Tarqamadzeni dünyadakı bütün günahlarda suçlamaqdan saxlasın. Axı B.İvanişvili və onun ətrafı üçün FTB mətbəxində hazırlanan istənilən saxtakarlıq təkzibedilməz sübut hesab olunur. "Filmdə" diktorun səsinin Q.Tarqamadzeni 30 mln. dolları rus müxalifətçisi Udaltsova ötürməsi isə əsas "dəlildir". Guya Udaltsov bu pullarla Kremlə hücum etməyi və rus şəhərlərində hakimiyyəti ələ keçirməyi planlaşdırırmış. Belə çıxır ki, bu qədər az pulla Kremldə hakimiyyət dəyişikliyinə nail olmaq olar. Əgər belədirsə, o zaman Kremlin neoimperialist siyasətindən postsovet ölkəsində narazı olan bütün qüvvələr bu məqsəd üçün atışıb, pul toplaya bilərlər.
Kremlə xoş gəlmək üçün cani-dildən səy göstərən B.İvanişvili tədricən Gürcüstanı gülüş obyektinə çevirir.
Amma, Tea Tutberidzenin də ədalətlə qeyd etdiyi kimi, Gürcüstanın eyni hökuməti "Rusiya planının bir hissəsidir və heç kəs bilmir ki, onlar Kremldən hansı sifarişi alıb, yerinə yetirməklə məşğuldurlar". Necə deyərlər, hər şey ola bilər.
Hələlik, B.İvanişvili hökumətini qlobal ağılsızlıqlardan qoruyan məqam ondan ibarətdir ki, il ərzində M.Saakaşvili hələ də Gürcüstanda tam hakimiyyətə malik olacaq, onun nazirləri işdən çıxarmaq (təyin etmək), parlamenti buraxmaq və s. səlahiyyətləri var. Bundan başqa, "Gürcü arzusu" parlamentdə konstitusion çoxluğa malik deyil. Bu maneələr aradan qalxanda Gürcüstanda, həqiqətən də, qarışıqlıq başlayacaq. İstisna deyil ki, o zaman "Gürcü arzusu"nun təmsilçiləri "Yedinaya Rossiya" üzvlərindən daha ardıcıl putinçi olacaqlar. Axı həqiqətən də, insan səfehliyinin həddi-hüdudu yoxdur.
Görünür, B.İvanişvilinin bütün bu addımları Rusiya ilə münasibətlərin yaxşılaşmasına hesablanıb. Amma bu daha çox aydın görünür ki, B.İvanişvili öz ətrafı ilə birgə Putinin qarşısında göbək rəqsi oynasa belə, bu, Rusiyanın işğal etdiyi gürcü topraqlarını qaytarmayacaq. Və bütün ciddi-cəhdlərinə baxmayaraq, son nəticədə B.İvanişvili Abxaziya ilə Cənubi Osetiyanı yox, qulağının dibini görəcək.
Aydın Balayev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00