ATƏT-in tərkibi dəyişdirilə bilinərmi?
14:55 02-11-2012
İQTİSADİYYAT
ATƏT-in tərkibi dəyişdirilə bilinərmi?
Azərbaycan üçün seçim Almaniya və Türkiyə ola bilər
Azərbaycan rəsmiləri artıq açıq şəkildə ATƏT-in Minsk qrupunun fəaliyyətindən ciddi narazılıq edir və bununla bağlı lazımi ölçünün götürülməsinin zəruriliyini bildirirlər. Amma Ermənistan tərəfi hələ ki, bu məsələdə susqunluq nümayiş etdirir. Halbu ki, bir il öncə Ermənistan tərəfi bu qruma qarşı sərt mövqe sərgiləyir, bəzi hallarda isə onun fəaliyyətsizliyindıən şikayət edirdilər. İndi isə bunun şahidi olmur,əvəzində Azərbaycan tərəfinin daha sərt açıqlamalarla çıxış etdiyini görürük.
Ekspertlər bildirir ki, Dağlıq Qarabağla bağlı aparılan danışıqlar, əslində danışıqların uğursuzluğu Ermənistanın maraqlarına cavab verir və bu səbəbdən status-kvonun olduğu kimi qalmasına çalışırlar. ATƏT-in hazırda tutduğu mövqedə məhz buna hesablanıb. Yəni Minsk qrupu gözəl bilir ki, istər Azərbaycanda, istərsə də Ermənistanda seçkilər olacaq deyə, danışıqların nəticəsi olmayacaq. Buna görə də hazırda aparılan danışıqların predmeti daha çox atəşkəsin qorunması istiqamətindədir. Digər tərəfdən isə hazırda ATƏT prinsipial bir məsələnin həlli üçün fəaliyyətini aktivləşdirib. Söhbət Xankəndi hava limanının fəaliyyətə başlaması üçün Azərbaycan tərəfini razı salmaq cəhdindən gedir. Bu isə o deməkdir ki, Azərbaycan ATƏT-in də istədiyi bu şərti qəbul edərsə faktiki Dağlıq Qarabağ separatçılarını tanımış olacaq. Məhz buna görə Azərbaycan tərəfi ATƏT-ə qarşı siyasətində sərtliyi artırır. Bu günlərdə maraqlı bir təklif isə YAP icraçı katibi Əli Əhmədov tərəfindən səsləndirildi. Belə ki, o ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsini təklif edib. "Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ədalətli bir vasitə tapılmalıdır". Bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. YAP rəsmisi ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların münaqişənin nizama salınmasına praktik kömək göstərilməsindən ibarət olduğunu deyib:
"20 ildən çoxdur ki, münaqişə həll oluna bilmir və bir qurum ki, 20 il ərzində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, hesab edirəm ki, Minsk qrupunun formatında hansısa ciddi dəyişikliklər etməyə ehtiyac var". Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirən Ə.Əhmədov onu da deyib ki, 20 il ərzində münaqişənin həllində irəliləyiş olmayıbsa, eyni formatda aparılan danışıqların nəticə verəcəyinə inanmaq olmaz:
"Bu inam üçün insanda ruh yüksəkliyi olmalıdır". Ə.Əhmədov eyni zamanda bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və 100 minlərlə insanın əziyyətinə son qoyulması üçün yalnız ədalətli bir vasitə tapılmalıdır.
ATƏT-in Minsk qrupunun formatının BMT Təhlükəsizlik Şurası və yaxud, Avropa İttifaqı formatı ilə əvəzlənməsinə gəlincə, Ə.Əhmədov bildirib ki, onlar dəfələrlə Minsk qrupunun bu formatda səmərəli şəkildə fəaliyyət göstərə bilməməsi haqqında fikirlərini və narahatçılıqlarını ifadə ediblər, indi də bu mövqedədirlər: "Şəxsən mən də yenə həmin fikirdə, eyni zamanda, yuxarıda səsləndirdiyim mövqedə qalıram. Minsk qrupunun həmsədrlik institutu səmərəli fəaliyyət göstərə bilmir. Bu, birmənalı şəkildə belədir. Yəqin ki, bunun səbəbləri üzərində düşünərkən, eyni zamanda, format məsələsinə gəlib çıxırıq. Formatın dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər, o cümlədən, Fransanın həmsədrliyinin Avropa İttifaqı tərəfindən əvəzlənməsi haqqında fikirlər səsləndirilib. Başqa fikirlər də səsləndirilib. Hər halda bu fikirlər çox səsləndirilib, bunları təhlil etmək fikrində deyiləm. Mən də mövqeyimi , o cümlədən , Fransa ilə əlaqədar mövqeyimi dəfələrlə səsləndirmişəm. Hər halda Minsk qrupu fəaliyyətində dəyişiklik etmək zorundadır.
Maraqlıdır, bəs ATƏT-in Minsk qrupunun formatı dəyişə bilərmi və hansı variant daha uğurlu ola bilər? Ekspertlər bildirir ki, bir neçə format müzakirə mövzusu ola bilər. Bunlar hansılardır?
1. ATƏT-in Minsk qrupu Avropa İttifaqı ilə əvəzlənir
2. ATƏT BMT ilə əvəzlənir
ATƏT-in Minsk qrupu 3dövlətdən yox, 5 dövlətdən təşkil olunsun. Amma bu versiyalardan hansının əsaslı olub-olmamasını diqqətə çatdırmamışdan öncə başqa bir dövlət rəsmisinin də ATƏT-lə bağlı açıqlamasına diqqəty ayıraq. "Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu münaqişənin həllində daha fəal olmalıdır.Biz bunu dəfələrlə bəyan etmişik". Bunu
Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib. Onun sözlərinə görə, Minsk Qrupu Ermənistanı bilavasitə Azərbaycan ərazilərini işğaldan azad etməyə vadar etməlidir: "Nəinki Minsk Qrupu, eləcə də bu qrupa daxil olan ölkələr aktivlik göstərməlidirlər. Biz bununla bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə səslənmişik. BMT xartiyasının, ərazi bütövlüyünün pozulmasına, beynəlxalq hüquqa zidd olan addımların atılmasına, bir dövlət tərəfindən başqa bir dövlətə qarşı təcavüzün həyata keçirilməsinə son qoyulmalıdır. Necə olur ki, bir halda BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi bir neçə saat ərzində həyata keçirilir? Çox təəssüflər olsun ki, illərdir ki, Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bircə cümləsi də yerinə yetirilmir".
E. Aslanov, həmçinin əlavə edib ki, bir çox dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllində passiv mövqe nümayiş etdirirlər.
İndi isə qayıdaq yuxarıdakı variantların şərhinə. Ekspertlər hesab edir ki, məsələnin həlli variantının BMT -yə keçidi daha uğursuz variant olar. Çünki BMT-in faktiki problemləri həll etmə mexanizmi yoxdur və belə hal olarsa problem daha uzun müddət həll olunmadan qala bilər. Bundan başqa real başqa variant Avropa İttifaqı ola bilər. Amma belə olan halda ABŞ və Rusiya oyundankənar vəziyyətə düşəcək ki, Rusiyada bununla razılaşmayacaq. Nəhayət sonuncu variant ATƏT-in Minsk qrupunun tərkibnin genişləndirilməsi məsələsidir. Ekspertlər hesab edir ki, belə bir addımın atılması Azərbaycanın maraqlarına o zaman cavab verərki bu tərkibə məhz Almaniya və Türkiyə qatılsın. Amma əsas məsələ budur ki, tərkibin dəyişdirilməsi və ya genişləndirilməsi üçün gərək Azərbaycanla yanaşı Ermənistanda razılığını versin. Bu isə sadəcə olaraq mümkünsüzdür.Deməli yaxın zamanda hansısa təklifin real olaraq qəbulu mümkünsüzdür.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00