Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub.

Unikal.org xəbər verir ki, bu barədə “Report”a H.Qədimovanın özü məlumat verib.

Onun sözlərinə görə, hadisə yanvarın 12-də saat 12:15 radələrində, paytaxın Səbail rayonun Teymur Elçin küçəsində qeydə alınıb:

“İdarə etdiyim maşınımı Teleteatrın qarşında yerləşən ərazidə park etdim. Saat 15:40 radələrində avtomobilimə yaxınlaşan zaman isə maşınımın içərisindəki əşyalarımın oğurlandığını gördüm. Sonra Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət elədim. Qardaşımla birgə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində ərizə yazdım. Hələ də həmin şəxs və ya şəxslər saxlanılmayıb”.

H.Qədimova bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib:

“Müraciətimdə görüntülərin mənə təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edirəm”.

Tarzən ona dəymiş maddi ziyanı açıqlamaqdan imtina edib:

“Bu barədə istəmirəm ki, məlumat verəm. Mənə az miqdarda ziyan dəysəydi, heç bu qədər tələb etməzdim”.