Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzi British Council-in təlimçisi Zarema İbrahimovanın iştirakı ilə “Tələbələrdə danışıq vərdişlərinin inkişafı: onları xarici dildə danışmağa sövq etmək” adlı ödənişsiz təlim keçirib.

Unikal.org xəbər verir ki, təlim universitetdən məzun olan və hazırda Azərbaycanın regionlarında işləyən müəllimlərin ingilis dilinin tədrisi metodikası sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə təşkil olunub.

ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova məzunları universitetdə görməkdən məmnun olduğunu deyib. S. Zeynalova təlimin təşkil olunmasını yüksək qiymətləndirib, məqsəd və vəzifələr haqqında fikirlərini bölüşüb.

Layihədə İsmayıllı, Ağdam, Bakı məktəblərindən 67 müəllim iştirak edib.

İki saat davam edən təlimin tapşırıqları müasir təhsil kontekstində dil bacarıqlarının inkişafı, danışıq bacarığını inkişaf etdirən tapşırıqların interaktiv şəkildə öyrədilməsi üzrə aparılıb.

Təlim iştirakçıları ADU-nun rektoru, akademik Kamal Abdullaya müasir təhsil sistemindəki yeniliklərin öyrənilməsində yaratdığı şəraitə və məzunlara göstərdiyi diqqət görə öz təşəkkürlərini bildiriblər.

Dil və Tərcümə xidmətləri mərkəzinin müdiri Salman Quliyev və təlimçi Zarema İbrahimova iştirakçıları setrifikatla təltif ediblər.