Ukrayna mətbuatı “Astana”dan ayrılan Roman Qriqorçukun karyerasına harda davam etməsi ilə bağlı yazı hazırlayıb.

Unikal.org xəbər verir ki, yazıda “Qəbələ”nin sabiq çalışdırısının Azərbaycana qayıtmaq variantı da müzakirə olunub:

“Göründüyü kimi, şərqdə Roman Qriqorçukun sərgüzəştləri sona çatmaq üzrədir. Azərbaycanda ukraynalı məşqçi özü haqqında gözəl bir iz qoydu. Ancaq yerli çempionatda yalnız bir klub Qriqorçukun iddialarına uyğundur – “Qarabağ”. Amma orda uzun müddətdir Qurban Qurbanov uğurla işləyir və heç kim onun getməsini dilə gətirmir. Qazaxıstanda Qriqorçuk qeyri-müəyyən və qeyri-sabit nəticələrlə yadda qaldı. Məşqçinin özü yerli çempionatın çətinliklərindən, xüsusən də, uzaq məsafəli uçuşlardan danışdı. Qriqorçukun özü də çətin ki, orda qalmaq istəyirdi.

Ukrayna futbol dairələrində məşhur olan şərq yolu – Səudiyyə Ərəbistanı da real variant kimi görünmür. Qriqorçuk elə adlı-sanlı və məşhur məşqçi deyil ki, yerli şeyxləri cəlb etsin. Bəli, Çempionlar Liqasının qrup mərhələsinə yollanmağı arzulayan bir məşqçiyə indi Səudiyyə Ərəbistanına getmək qəribə olardı”.

Qeyd edək ki, 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdıran Qriqorçukun adı Kiyev “Dinamo”su ilə hallanır.