Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Təhsil Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün təlim keçirilib.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, məqsəd gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, gələcək nəsilləri qlobal şəbəkədəki mövcud kibertəhdidlərlə bağlı məlumatlandırmaqdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində keçirilən təlimə video-konfrans vasitəsilə Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələdən 70 ümumi təhsil müəssisəsinin ümumilikdə 100 informatika müəllimi cəlb edilib.
Təlimdə internetdən, eləcə də sosial şəbəkələrdən təhlükəsiz istifadə, uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları ilə bağlı təqdimatlar, video materiallar nümayiş etdirilib və müəllimlərin sualları cavablandırılıb.
11 fevral - Beynəlxalq Təhlükəsiz İnternet Günündə də yuxarı sinif şagirdləri üçün internetdən təhlükəsiz istifadə üzrə “açıq dərs”lərin keçirilməsi planlaşdırılır. “Açıq dərs”lər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində keçirilən təlimlərdə iştirak edən müəllimlər tərəfindən keçiriləcək.
Qeyd edək ki, internetdən təhlükəsiz istifadəni təbliğ etmək məqsədilə Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi “İNSAFE” tərəfindən 2004-cü ildə “Təhlükəsiz internet günü” təsis edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə 2010-cu ildən “Təhlükəsiz internet günü” ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı ilə, habelə gənclər və uşaqların aktiv şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilməkdədir.