İsmət Abbasov fermerlərə "od püskürdü"
12:22 03-11-2012
İQTİSADİYYAT
İsmət Abbasov fermerlərə "od püskürdü"
KTN rəhbəri buğdanın keyfiyyətsizliyi ilə bağlı deyilənləri təkzib edərək sahibkarlara müharibə elan etdi
Məlum olduğu kimi son günlər çörəkbişirmə sexlərinə qarşı müxtəlif dövlət strukturları tərəfindən təzyiqlər davam etdirilir. Ölkə telekanallarının da cəlb edildiyi və geniş məlumatlandırılma işinin aparıldığı bu yoxlamaları bəlkə də normal qarşılamaq olardı. Hər halda normal və keyfiyyətli çörəklə təmin olunmaq hər kəs kimi Azərbaycan istehlakçısının da təbii haqqıdır. Amma redaksiyamıza daxil olan bəzi özəl məlumatlar bu yoxlamaların alt qatında özəl maraqların dayandığını düşünmək üçün əsaslar yaradır.
“Unikal”ı məlumatlandıran mənbənin sözlərinə görə, özəl çörəkbişirmə sexlərinə qarşı aparılan bu təzyiq kampaniyasının yeganə məqsədi heç də vətəndaşların hüquqlarını müdafiə etmək deyil. Sadəcə olaraq bundan təbliğati vasitə kimi yararlananlar özlərinin əsl məqsədlərini ört-basdır etməyə çalışırlar. Onların əsl məqsədi isə bu sektoru tam nəzarətə götürmək və böyük məbləğdə gəlir gətirən çörəkbişirmə sənayesini inhisarlaşdırmaqdır. Əldə etdiyimiz məlumatlara görə bu kampaniyanın başında kənd təsərrüfatı naziri İsmət Abbasov dayanır.
Daxil olan informasiyalarda qeyd olunur ki, özünə yaxın şəxslər və firmalar vasitəsilə çörəkbişirmə sektorunda əhəmiyyətli mövqe qazanmağa çalışan İsmət Abbasov əhali üçün həssas olan bu mövzunu aktuallaşdıraraq bəzi özəl müəssisələri sıradan çıxarmaq hesabına özünü bu sektorda möhkəmləndirmək məqsədi güdür. Çörəkbişirmə sektorunda fəaliyyət göstərən sahibkarlar və taxıl istehsalı ilə məşğul olan fermerlər isə bunu yaxşı bildiyindən kənd təsərrüfatı nazirinə qarşı əks hücuma start verib. Bu hücumun ilkin işartıları kimi isə onların respublikada istehsal olunan taxıl və buğdanın keyfiyyətsizliyindən şikayət etmələrini göstərmək olar. Onlar bu ittihamı dilə gətirməklə necə deyərlər, “bir gülləylə iki dovşan vurmaq” taktikasını həyata keçirirlər.
Əvvəla, “yerli buğda keyfiyyətsizdir” fikrini ictimailəşdirməklə onlar çörəyin keyfiyyətsizliyinin əsl səbəbini göstərmiş olurlar ki, belədə məsuliyyət onların üzərindən götürülür. İkinci məqsəd isə taxıl və buğda istehsalının keyfiyyətinə nəzarət etməli olan Kənd Təsərrüfatı Nazirliyinin işi şübhə altına salınmış olur. Bu isə açıq şəkildə İsmət Abbasovu zərbə altına salmaq deməkdir. Beləliklə, sahibkarlar çörəyin keyfiyyətsizliyi ilə bağlı ünvanlarına səsləndirilən tənqidləri öz üzərlərindən kənd təsərrüfatı naziri İsmət Abbasovun üzərinə yönəltməklə prosesə rəng qatmış oldular.
Ötən gün isə kənd təsərrüfatı naziri İsmət Abbasov bununla bağlı xüsusi açıqlama verərək qeyd edib ki, Azərbaycanda keyfiyyətli buğda istehsal olunur: “Digər ölkələrlə müqayisədə taxıl, buğda istehsalı üçün ölkəmiz daha əlverişlidir. Mövcud olan 13 iqlim tipindən 9-u Azərbaycanda var. Buna görə tam əminliklə deyirəm ki, ölkəmizdə istehsal olunan buğda keyfiyyətlidir. Etiraf etmək lazımdır ki, istehsal olunan buğda fermerlər tərəfindən yaxşı təmizlənmir. Bunun üçün buğda yaxşı təmizlənmədiyindən fermerlər özlərinə alıcı tapa bilmirlər”.
Nazir eyni zamanda buğdanın keyfiyyətsiz olduğunu deyən insanların bu sahədə az məlumatı olan adamlar olduğunu ifadə edib: “Azərbaycanda istehsal olan buğda keyfiyyətsizdir deyirlər. Bu qətiyyən belə deyil. Azərbaycanda istehsal olunan buğda ən keyfiyyətli buğdadır”.
Göründüyü kimi nazir səsləndirilən ittihamlara şəxsən özü cavab verməklə əslində ətrafında nələrin baş verdiyindən xəbərdar olduğunu nümayiş etdirmiş oldu. Amma onun bu önləyici addımının nazirə hansı xeyirləri verəcəyini təxmin etmək olduqca çətindir. Ən azından ona görə ki, çörək istehsalı ilə məşğul olan sahibkarlara İsmət Abbasovun rəqibləri tərəfindən hər hansı dəstəyin verilib-verilməyəcəyinə də kimsə qarantiya verə bilməz. Belə bir variantın reallaşacağı təqdirdə isə KTN şefinin daha çətin situasiya ilə qarşılaşacağını proqnozlaşdırmaq mümkündür.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00