Milli Məclisdən sərt addım
12:29 03-11-2012
CƏMİYYƏT
Milli Məclisdən sərt addım
Mitinq edənlər 15 min manata qədər cərimələnəcək
Milli Məclisin keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa son zamanlar özü ilə bir qrup köşə yazarı arasında yaşanan qalmaqalla bağlı münasibət bildirib. Millət vəkili deyib ki, Azərbaycanda “Diffamasiya haqqında” qanunun tez bir zamanda qəbul olunması üçün müzakirələr aparılmalıdır.
“Azərbaycan mətbuatında yer alan şər, şantaj parlamentin işgizar fəaliyyətinə mənfi təsir göstərir. Bütün bunların qarşısını almaq üçün təklif edirəm ki, Milli Məclisin mətbuat xidməti Mətbuat Şurasına müraciət etsin. Azərbaycanda “Azadlıq” qəzetində yazılan yazılar ikrah doğurur. Mən bununla bağlı Amerika səfirliyinə müraciət etmişəm. Hesab edirəm ki, Milli Məclis bu məsələyə mütləq münasibətini bildirməlidir. Bu iqtidar və müxalifət KİV-lərinə də aiddir. Azərbaycanın xeyrinə aparılan işlərə qarşı çirkin kampaniya başlayıb. Vahid Mustafayevin “Xoca” filminə etiraz edirlər. Ola bilsin ki, bu filmdə peşəkarlıq baxımdan hardasa nöqsanlar olsun. Amma buna qarşı belə münasibət anlaşılmazdır”, - deyə F.Mustafa vurğulayıb.
Milli Məclis sədri Oqtay Əsədov deputat Fazil Mustafanın mətbuatla bağlı dediklərinə münasibət bildirib. Spiker çıxışında mətbuatda parlamentlə bağlı yazılanlarımn araşdırılması üçün Milli Məclisin mətbuat xidmətinə Mətbuat Şurasında müraciət etməklə bağlı tapşırıq verib.
Daha sonra Milli Məclis sədri bildirib ki, Azərbaycan mətbuatında müəyyən mənfi tendensiyalar var ki, ölkəmizin beynəlxalq imicinin korlanmasında yardım edir.
“Amma bütün bunlara baxmayaraq Azərbaycan beynəlxalq təşkilatlarda öz işini davam etdirir. Fazil Qəzənfəroğlu məsələsini tapşırmışam məsələ araşdırılacaq”,- deyə spiker qeyd edib.Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Məlahət İbrahimqızı Sakit Okean hövzəsindəki kiçik ölkələrdə və Avstraliyada Dağlıq Qarabağdakı separatçı qurumun tanınması istiqamətində addımların atıldığını söyləyib və Azərbaycan parlamenti, diplomatiyamızı bu ölkələrlə bağlı fəallığı artırmağa çağırıb.
Spiker Oqtay Əsədov isə deyib ki, Avstraliyada parlamentin qərar qəbul etməsi yanlış söhbətdir: “Heç bir ölkə Dağlıq Qarabağ və digər separatçı qurumların tanınması ilə bağlı addım atmayıb. Ancaq fikirlərinizlə razıyam, parlament və diplomatik korpuslarımız bu ölkələrdə fəallığın artıracaq”.
Parlamentdə çıxış edən Asim Mollazadə “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun müzakirədən çıxarılmasını tələb edib. Deputat kütləvi aksiyaların keçirilməsi üçün xüsusi yerlərin ayrılmasını tələb edib. “Rusiyada buna riayət olunur. İnsanların toplaşma azadlığı təmin olunmalı və onların fikirləri dinlənməlidir. Qanuna düzəlişlə nəzərdə tutulan cərimələr cərimələr dövlətin demokratik imicinə xələl gətirəcək”.
“Azərbaycanda azad mətbuat dəstəklənməli və ”Diffamasiya haqqında” Qanun mütləq qəbul olunmalıdır”. Bunu Milli Məclisin payız sessiyasının bugünkü plenar iclasında çıxış edən millət vəkili İqbal Ağazadə deyib.
Deputat mətbuat əleyhinə olan çıxışları tənqid edib və bu fikirlərlə razılaşmadığını bildirib.
“Parlamentdə təmsil olunan bir sıra deputatlar çıxışlarında müxalifəti dəfələrlə təhqir ediblər. Mən özüm də dəfələrlə iqtidar mətbuatında təhqir olunsam da, məhkəməyə müraciət etməmişəm. “Azadlıq” və “Yeni Musavat” qəzetlərində məhkəmə qərarları ilə bağlı böyük pul cərimələri var. İndiyə qədər onunla bağlı nə araşdırma aparmışıq, nə də maraqlanmışıq. Azərbaycanda azad mətbuat dəstəklənməli və “Diffamasiya haqqında” Qanun qəbul olunmalıdır”, – deyə İqbal Ağazadə qeyd edib.
“Azərbaycan KİV-lərində parlamentin əleyhinə yazan, onu təhqir edən jurnalistlərin Milli Məclisdəki akkreditasiyası müəyyən müddətə ləğv olunmalıdır”.
Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, bu inzibati tənbeh tədbiri kimi nəzərdə tutulmalıdır.
Siyavuş Novruzov müxalifətin parlamentin qarşısında sərbəst toplaşma azadlığı ilə bağlı keçirmək istədiyi piketi də tənqid edib. O, “nə cəmiyyət, nə təbiət, nə də Allah bu piketin keçirilməsinin lehinədir. Təbiət də onların əleyhinədir”-deyə qeyd edib. Deputatın sözlərinə görə, müxalifətçilərin böyükləri mtinqlərə çıxmırlar. Gəncləri qabağa verirlər.
Müxalifət aksiyalarını gizlənpaç oyunları adlandıran S.Novruzov 2003-cü ilin oktyabrın 16-nı yada salıb. O qeyd edib ki, müxalifət vətəndaşları ortaya çıxardaraq, onlara qarşı müəyyən hərəkətlərə rəvac verdilər.
“Buna görə də sonra peşmançılıq çəkdilər. Son günlər Azərbaycan əleyhinə xaricdən təzyiqlərin artmasını müşahidə edirik. Mən hesab edirəm ki, bununla bağlı məsələlərdə məsuliyyət daxildəki qüvvələrin üzərinə düşür”-deyə, millət vəkili vurğulayıb.
Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.
Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov deyib ki, 2012-ci ilin 10 ayında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 85 fakt aşkar edilib. Müvafiq dövrdə məcburi əməklə bağlı 2 fakt aşkarlanıb. 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilib. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulub, beynəlxalq axtarışa verilən şəxslərdən 3-ü saxlanılaraq istintaq orqanlarına təhvil verilib. İnsan alveri cinayətlərinə görə məhkəmələr tərəfindən 10 nəfər 5 ildən 10 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hesabat dövründə Azərbaycanda insan alverinin müəyyən edilmiş 53 qurbanından 19-cu Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü isə Rusiya Federasiyasına aparılıb. İnsan alveri qurbanlarından 6 nəfəri ölkə daxilində istismara cəlb olunub. Qurbanlardan 4-ü təhsilsiz (7,4 faiz), 4-ü natamam orta (7,4 faiz), 45-i orta təhsilli (84,9 faiz), 35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına çatmayan olub: “Araşdırmalar göstərir ki, Azərbaycan insan alverinə məruz qalan şəxslər üçün bu gün yalnız mənbə ölkəsidir və son 2 ildə digər dövlətlərdən olan şəxslərin respublikanın ərazisindən tranzitlə keçirilməsi və ya insan alveri məqsədilə gətirilməsi kimi əməllər qeydə alınmayıb”.
Hesabat dövründə ölkə polisi tərəfindən aparılmış reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğu cəlb olunan 455 azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-ə yaxın valideyn barəsində tərtib olunmuş materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyatı dövlət strukturlarına göndərilib.
Baxımsız, eləcə də müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 100-ə yaxın uşağa və onların valideynlərinə paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Uşaq hüquqları klinikası”nda, “Uşaq və gənclərin sosial reabilitasiya mərkəzi”ndə hüquqi, psixoloji və digər yardımlar göstərilib. Nərimanov, Nizami və Xətai rayonlarında yaradılmış icma əsaslı “Uşaq polisi otaqları”nda polisin qeydiyyatında olan 27 azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə olunub.
Vilayət Eyvazov Azərbaycanla ərazisi və əhalisi yaxın olan ölkələrlə müqayisə də aparıb: “İsveçdə 233, Portuqaliyada 166, Macarıstanda 34, Çexiyada 19 cinayət işi tamamlanıb, bu ölkələrdə 533 nəfər məsuliyyətə cəlb olunub”.
Milli Məclisin iclasında “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə MM-in Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
Layihə səsverməyə çıxarılaraq qəbul olunub. Beləliklə, “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında” 2012-ci il martın 19-da imzalanmış saziş Azərbaycanın ona dair qeyd-şərti və bəyanatları ilə (qeyd-şərtin və bəyanatların mətnləri əlavə olunur) təsdiq edilib.
Milli Məclis də İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu, yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır.
Komitə sədri nəzərə çatdırıb ki, komitə iclasında piyadalara piyada keçidində yol verməyən sürücülər üçün məsuliyyətin nəzərdə tutulması təklif edilib və bu məsələ nəzərə alınıb. Əli Hüseynov bildirib ki, dəyişikliklərə əsasən nəqliyyat vasitəsindən 30 manata qədər əmlak talanarsa, cinayətə yol verən şəxs 50 manatdan 80 manatadək cərimə ediləcək. Nəqliyyatı idarə edən şəxs məişət tullantılarını nəzərdə tutulan yerə atmadıqda, fiziki şəxs 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat miqdarında cərimə ediləcəklər. Sərxoş vəziyyətdə xəta törədən şəxs 1 ilə qədər nəqliyyat vasitəsindən istifadə etmək hüququnu itirəcək, 400 manatdan 500 manata qədər cərimələnəcək. Hadisə təkrar baş verdikdə, nəqliyyatı idarə etmək hüququ 2 ilə qədər məhdudlaşdırılacaq, 400-500 manat cərimələnəcək. Eyni zamanda maddi ziyan vurarsa, bir şəxsə yüngül bədən xəsarəti yetirərsə, 700 manat cərimə ödəməli olacaq. Sərxoşluq müayinəsindən boyun qaçıranlar isə 1 ildən 2 ilə qədər avtomobil idarə etmək hüququnu itirəcək, 300 manatdan 700 manata qədər cərimə verməli olacaq, 15 günə qədər inzibati həbsə məhkum olacaq. Avtoxuliqanlığa görə isə şəxsin nəqliyyatı idarə etmək hüququ 1 ildən 2 ilə qədər məhdudlaşdırılacaq, 15 günə qədər inzibati həbsə məhkum ediləcək.
Həmçinin İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsində göstərilir ki, yığıncaqların, mitinqlərin və piketlərin keçirilməsinin təşkilininin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə fiziki şəxslər 1500 manatdan 3000 manatadək məbləğində cərimə ediləcək, yaxud xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və 15 gün inzibati həbsi tələb olunacaq.
Vəzifəli şəxslər isə 3000 manatdan 6000 manatadək, hüquqi şəxslər 15 000 manat məbləğindən 30 000 manat məbləğinədək cərimə olunur.
Həmçinin 298-ci maddədə göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməyən yürüş, mitinq, piketdə iştirak etməyə görə, fiziki şəxs 300 manatdan 600 manatadək, yaxud xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saatadək ictimai işlə və ya 15 gün inzibati həbslə cəzalandırılır.
Etirazlara baxmayaraq, Milli Məclis dəyişiklikləri 105 nəfər lehinə, 5 nəfər əleyhinə olmaqla qəbul etdi.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08