Pentaqonun oyuncağı, yoxsa yeni əsrin 100 milyard dollarlıq “kasıb” imperiyası
14:06 06-11-2012
İQTİSADİYYAT
Pentaqonun oyuncağı, yoxsa yeni əsrin 100 milyard dollarlıq “kasıb” imperiyası
Mark Zukerburq haqqında yaxın tarixin və günümüzün ən önəmli xəbərlərini incələyirəm və doğrusu, qərara gəlməkdə çətinlik çəkirəm. Kimdir bu gənc oğlan? Dünyaca məşhur Harvard Universitetindən qovulan pis tələbə, standartlara sığmayan qeyri-adi istedad, yoxsa, arxasında Pentaqonun gizləndiyi oyuncaq?
Bu oğlan... dəyəri artıq 100 milyard civarında qiymətləndirilən böyük bir şirkətin direktorlar şurasının ağırtaxta üzvlərinin toplaşdığı iclasa idman ayaqqabısı və futbolka ilə sədrlik edir, dünyanın ən gənc milyarderi olmasına baxmayaraq, geydiyi ucuz qısaqol maykanı aylarla əynindən çıxarmır, şirkətin indiyə qədər əldə etdiyi ən böyük məbləği – bu il qazandığı 1 milyard dolları gözünü qırpmadan yeni proqramın alınmasına xərcləyir və iqtisadçı analitiklərin heyrətli baxışlarını üstünə çəkir...
Hə, deyəsən, bəzi tarixi olayları xatırlamalı olacağıq.
“Nyuton evdə yoxdur”
İssak Nyuton ona işləməyə imkan verməyən dostlarından yaxa qurtarmaq üçün günlərin birində kağıza “Nyuton evdə yoxdur” sözlərini yazıb, qapıya yapışdırır. Necə olursa, evdən çıxası olur, qayıdanda isə qapının ağzında oturub düşünməyə davam edir.
Bir müddətdən sonra ona qonaq gələn dostu Nyutondan soruşur ki, niyə kandarda oturmusan? Nyuton cavab verir:
- Nyuton evdə yoxdur, evə keçə bilmirəm...
...Bu məqamda Nyutonun istədikləri vaxt çölə çıxa bilmələri üçün küçə qapısında iti üçün böyük, pişiyi üçünsə kiçik deşik açmasını xatırlamaq da pis olmazdı. Amma cənab Zukerburqla “üst-üstə” düşəsi olay, yəqin ki, Eynşteyn “sərgüzəştləridir”.
Müharibədən sonra Avropanın ən məşhur universitetlərindən birinə mühazirə deməyə gələn Albert Eynşteyn dostunun evinə düşəsi olur. Dostunun xanımı baxır ki, Eynşteynin şalvarı gödək və çirklidir. Ərinin paltarlarından ən münasibini tapıb Eynşteynə geyindirir - mühazirədə səliqəli görünməsi üçün.
Mühazirə zamanı məlum olur ki, dostunun arvadının çəkdiyi zəhmət əbəs imiş: Eynşteyn həmin şalvarla yatdığından, qırış-qırış olubmuş, belinə gen gələn özgə paltarda özünü rahat hiss eləmək üçünsə bu məşhur dahi şalvarın kəmər yerinə... ip bağlayıbmış.
Dahilər xarici görünüşə fikir vermirlər. Olmaya, həmişə eyni futbolka ilə gəzməkdə məqsəd 21-ci əsrin 20 yaşlı dahisinin obrazını yaratmaq istəyidir?
“Bu, mümkün deyil” düşünənlərə böyük məmnuniyyətlə qoşuluruq. Amma...
Ona qarşı kim “ideyamı oğurlamısan” deyə iddia qaldırırsa, uduzur və ya “dələduzluqda” ittiham olunur, şirkətin idarəetməsində səhvlərə yol verdiyi və ard-arda uğursuzluq gətirdiyi barədə əsas səhmdarların iradları beşiyindəcə boğulur. Daha nə?
Çox şey! “Bəs, niyə Pentaqon gənc oğlanın arxasında gizlənməlidir?” - sualına nə cavab verək?
Yeni əsrin yeni
imperiyası
Əgər “Feyzbuk” (Facebook) sosial şəbəkəsinin üzvlərini bir dövlətin içinə yığsaq, onda bu imperiya əhalisinə görə dünyanın Çin və Hindistandan sonra 3-cü ölkəsi olar.
Amma bu imperiyanın sərhədləri hüdudsuzdur... Bir milyard üzvlə dünyanın 213 ölkəsini əhatələyən Feyzbuk nə az, nə də çox – düz 70 dildə “danışsa” da, bütün “danışanlar” ingilis dilinin dominantlığı altındadır.
Baxın: hazırda 3539 “full-time” (tam ştatlı) işçisi olan “Facebook”da 9 milyon “aplication” (tətbiqetmə) mövcuddur: bu sosial şəbəkədə 1 saniyədə:
l 830 “link” paylaşılır;
l 1550 “status” yazılır;
l 8500 “kommet” verilir;
l 31000 “lake” edilir... yüzlərlə dost “çat”da yazışır, onlarla proqramlar yüklənir (adlarını yazsaq, ingiliscə böyük siyahı yaranar)...
Və bu, hamısı deyil...
“Bu avamlar mənə güvənir?”
Bu sözlər “Feyzbuk”un qurucusu Mark Zukerburqa aiddir. O, bunu nə vaxt “ağzından qaçırıb”?
Stomatoloq atanın və psixoloq ananın tək övladı olan Mark 1984-cü ildə anadan olub. Avtobioqrafiyasında məktəbi uğurla bitirdiyi və Harvard Universitetinə daxil olduğu bildirilir.
Universitet illərində ən gözəl və yaraşıqlı tələbələrin seçildiyi “Feyzmaş” (“Facemash”) saytını qurub: harvardlı tələbələrin fotolarını əldə etmək üçün məlumat bazasına daxil olub və sonra o bazanı dağıdıb.
“Bu hadisə onun universitetdən uzaqlaşması ilə nəticələnib”. Belə yazılır və Markın haqqında olan qısa, yığcam, demək olar ki, “heç nədən” ibarət tərcümeyi-halda onun universiteti atdığı, yaxud qovulduğu barədə dəqiq qeydə rast gəlmək olmur.
Ona görə də beləcə davam edək: Mark “Harvard”dan “uzaqlaşandan-qovulandan” sonra harvardlı tələbələri “virtual dünyada görüşdürmək üçün” ikinci saytı olan “Feyzbuk”u qurur. Amma tək yox: otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kruz Hyusla birgə.
Layihəyə əvvəlcə Piter Hill investisiya yatırır, daha sonra ödəmə şirkəti olan “PayPal” işə qarışır. Cəmi 500 min investisiya qoyulur və inanılmaz uğur gəlir: 50 milyon istifadəçi əldə etmək üçün əgər radio 38, televiziya 13, internet 4 il gözləməli olubsa, “Feyzbuk”un bir ildən sonra 200 milyon qeydiyyata düşmüş istifadəçisi vardı.
Həmən il 500 minə qurulan bu sosial şəbəkəni almaq üçün “Yahoo”nun milyard yarımlıq təklifindən imtina edildi – çünki iddia böyük idi.
Yeri gəlmişkən, “Feyzbuk” qısa müddətdə harvardlılar arasında yayılıb, istifadəçilərin sayı 4 minə çatanda Zukenberq maraqlı bir mesaj yazır: “Əgər Harvard Universitetindən istənilən bir kəs barədə məlumata ehtiyacınız varsa, sadəcə olaraq soruşun. Əlimdə hazırda 4 mindən çox insanın elektron və yaşayış ünvanı, şəkli var. Bunları saytıma daxil ediblər. Nədən olduğunu bilmirəm. Bu avam insanlar mənə güvənirlər...”
İndi isə Zukenberqə inanan “avam insanların” sayı bir milyarddır və biz bu sətirləri yazana qədər “avamlar” da sürətlə çoxalır.
“Feyzbuk” niyə şəxsi
məlumatlar toplayır?
Deyəsən, əsas suala qayıtdıq. Axı, bu şəbəkə fərdi e-maillər və telefon nömrələri də daxil olmaqla istifadəçilərinin hər birindən niyə şəxsi məlumatları toplayır?
Şirkət bunu “təhlükəsizlik üçün” etdiyini bildirir. Amma əsl həqiqəti müəyyənləşdirən araşdırıcıların sözlərinə görə, şəxsi məlumatlar “fb.com” saytının mərkəzi bazasında toplanmaq üçün istənilirmiş.
“Feyzbuk” bu şəxsi məlumatları hansı məqsədlə toplayır? Bu məlumatların toplanması kimə lazımdır? Xüsusi-xidmət orqanlarına? Pentaqona, FTB-yə?
Deyəsən bundan “şübhələnənlər” az deyil – Rusiya, Çin, Cənubi Koreya, Vyetnam, hətta Yaponiya.
“Feyzbuk”un populyarlaşmaması üçün ən çox dirəniş göstərən ölkə Çindir – müntəzəm iqtisadi artımı ilə sürətlə dünya ağalığına yaxınlaşan ölkə.
Zukerberq öz profilində “çincəni öyrənməsi, bu xalqın mədəniyyəti ilə tanış olması” barədə statuslar yazmasına, müxtəlif qeyri-adiliklərinə baxmayaraq, Çində sosial şəbəkəsini məşhurlaşdıra bilmir. Çoxları bunu çinlilərin rəğbətini qazanmaq üçün “sadəcə bir jest” kimi qəbul edir.
Milyarderin
“dilənçi” şirkəti
“Feyzbuk” o qədər məşhurlaşıb ki, böyük ölkələrin liderlərinin – Medvedyev, Sarkozi, Abdulla Gül...- artıq bu sosial şəbəkəni və onun həmişə “sadə geyimdə olan” gülərüz gənc rəhbərini ziyarət etmələri “protokola” salınıb.
Bu, şirkətə qarşı böyük lütfkarlıq sayılsa da, “Feyzbuk”un gəlirlərinə o qədər də təsir etmir. Əksinə, 5 milyarddan artıq varidatla dünyanın ən gənc milyarderi olan Zukerburqun şirkəti “kasıb” sayılır. Şirkət rəhbəri də “4 min işçimizin hər biri yaxşı başa düşür ki, vəziyyətimiz yaxşı deyil” deyə iqtisadi çətinlikləri etiraf edir.
Ona görə də “Feyzbuk” səhmlərinin satışa çıxarılıb. Bir səhmin birjada ilkin satış qiymətinin 28-35 dollar civarında satılacağı şirkətin 8 ildə kapitalını 85-95 milyarda qədər artırdığını deməyə əsas verir, Zukerburq isə şəxsi varidatını 17 milyarddan yuxarı qaldıra biləcək.
Niyə “Feyzbuk”?
Səhm satışı ilə şirkətin öz müvazinətini düzəldəcəyinə şübhə etməmək olar. Çünki “Feyzbuk” - dünyada ən məşhur sosial şəbəkə olmaqla çoxlarının arzuladığı böyük göstəricilərə imza atıb. Rəqəmlər sürətlə dəyişdiyi üçün onların dəqiq statistikasını vermək mümkün deyil.
Amma son vaxtlar aktuallaşan bu sualı hamı verir: “Feyzbuk”un özəlliyi nədədir ki, qısa müddətdə bu qədər məşhurlaşdı və bütün dünyaya yayıldı? Axı, ondan əvvəl ABŞ-da yaranan və kifayət qədər yayılmış şəbəkələr – məsələn, “Myspase” - vardı?
Yenidən bu sual və yenidən “gizli qüvvələrin” mövcudluğu barədə fikirlər... Fələstinlilərin İsrailə qarşı yaratdıqları və milyonlarla insanın bəyəndiyi səhifənin “Feyzbuk” rəhbərliyi tərəfindən bağlanmasından sonra isə bu sosial şəbəkənin “siyasi” çalarlı olması barədə rəylər güclənməkdədir. Hətta şəbəkənin “mədəniyyət və əxlaq qloballaşması” üçün vasitələrdən biri olduğu da iddia edilir: açıq-saçıq və İslama zidd mövzuları yaydığına görə.
Bunun qarşısını almaq üçün Lahor şəhərindəki 6 gənc birləşərək “Millət Feyzbuku” adlı şəbəkənin yaradılmasına başlayıb: Məhəmməd peyğəmbəri və İslam dinini təhqir edən sosial paylaşımlardan və statuslardan müsəlmanları qorumaq üçün.
Ehtimal edilir ki, “Feyzbuk”a qarşı bu və ya digər addımlar bu şəbəkənin pik illərinin arxada qalmasını şərtləndirəcək.
Yeri gəlmişkən, “Quql+” (Google+) da “Feyzbuk”un inhisarlığına son qoymaq üçün hərəkətə keçib. Dünyanın ən iri internet nəhəngi olan və “Feyzbuk”u illik gəlirinə görə bir neçə dəfə qabaqlayan “Quql”un buna gücü çatacaqmı?
Artıq indidən şübhələr başlayıb: “Quql+” – “Feyzbuk”un mümkün çöküşünə hazırlaşmaq, inhisarın başqa əllərə düşməsinə qarşı variantdır.
Anar Yusifoğlu
Maraqlı nəzəriyyədir. Hər halda, bütün uğurlarda “gizli qüvvə” və “gizli niyyət” axtarmaq da insanların düşüncə azadlığıdır...
Digər Xəbərlər
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00