Ermənilərin inəkləri güllələdiyi kənddən reportaj
14:07 06-11-2012
İQTİSADİYYAT
Ermənilərin inəkləri güllələdiyi kənddən reportaj
Atəşkəs dövründə 10 mülki vətəndaşın qətlə yetirildiyi Hacıallı kəndindən
Orda bir kənd var, uzaqda. Bu kənd Ermənistanın Şəmşəddin rayonu ilə sərhəddə yerləşir. “Koroğlu” zirvəsinə qalxanda ermənilərin yaşadığı Muses, Çinarlı və Tikiliş kəndləri burdan əl içi kimi görünür...
Soyuq divarlarda güllə nişanı...
Tovuz rayonunun Hacıallı kəndi ilə Ermənistan hərbçilərinin nəzarət etdiyi yüksəklikləri cəmi 400-500 metrlik məsafə ayırır. Düşmən daha əlverişli mövqelərə sahib olduğu üçün Hacıallı kəndində yaşayan əhalinin hərəkət trayektoriyasını asanlıqla müşahidə edə bilir. Bunun nəticəsidir ki, atəşkəs dövründə Hacıallı kəndinin 10 sakini düşmən gülləsinin qurbanı olub. Növbəti qurbanın həkim, müəllim, ya da sadə əkinçi olmayacağına heç kim təminat verə bilməz. Hacıallı kəndinin mərd, cəsur sakinləri öz canlarını doğma yurda fəda ediblər...
Kənddə 160 ev var. Əhalinin sayı isə min nəfəri keçib. Müharibə vaxtı bəzi evlər düşmənin atdığı raket zərbələri nəticəsində dağılsa da, sonradan onların əksəriyyətini bərpa etmək mümkün olub. Buna baxmayaraq, kənddə müharibənin ağrı-acısını özünün xarici görünüşündə yaşadan evlər də az deyil. Əksər evlərin divarlarında, hətta həyətlərin dəmir darvazalarında da güllə yerləri qalır.
Barıt qoxusu kəndin səmasından çəkilməsə də, heç kim doğma yurdu tərk etmək barədə düşünmür. Son iki ildə Hacıallıda 10-dan çox yeni ev tikilib. Cavanların əksəriyyəti öz talelərini doğma kəndlə bağlayırlar. Atəşkəsin tez-tez pozulması belə sakinlərin qurub-yaratmaq eşqini azaltmayıb. Ermənistanla sərhəddə yerləşən Hacıallı kəndi indi möhtəşəm bir qalanı xatırladır. Bu qalanı almağın mümkünsüz olduğunu isə artıq düşmən özü də dərk etməyə başlayıb...
Düşmən çayın
axarını dəyişib
Əkin sahələrinin düşmən mövqelərinə yaxın ərazilərdə yerləşməsi əhalini qorxutmur. Hacıallılılar ölüm təhlükəsi ilə üz-üzə qalsalar da, əkinə yararlı olan bütün sahələri becərirlər. Düşmən gülləsinə tuş gəlməkdən ehtiyatlanan sakinlər çox vaxt hava qaralandan sonra işləməyə üstünlük verirlər. Yerli əhali taxıla, eləcə də bostan-tərəvəz məhsullarına olan tələbatını şəxsi təsərrüfatı hesabına ödəyə bilir. Amma ermənilərin Tovuz çayının Hacıallı kəndinə axan qolunu bağlaması məhsuldarlığı xeyli aşağı salıb. Əkin-biçinlə məşğul olan sakinlər ümidlərini ancaq təbiətə bağlayıblar. Qoca təbiət isə zəhmətkeş Hacıallı camaatını heç vaxt naümid qoymur.
Kəndlilər içməli suyu pulla alırlar. Kənddə artezian quyuları olmadığı üçün sakinlər şəxsi təsərrüfatlarını genişləndirə bilmirlər. Hazırda Hacıallı camaatının rəsmi strukturlardan yeganə diləyi əhalinin içməli suya olan tələbatının ödənilməsilə bağlıdır. Su probleminin həlli şəxsi təsərrüfatların dirçəlməsini sürətləndirə bilər.
Ermənistanla sərhəddə yerləşməsinə baxmayaraq, Hacıallı kəndində elektrik enerjisinin verilməsində heç vaxt fasilə yaranmır. Üç il əvvəl isə millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə kəndə qaz xətti çəkilib. Mavi yanacaqla təmin olunmaları Hacıallı sakinlərinin həyatını xeyli yüngülləşdirib. Hacıallıda müasir tipli xəstəxananın və iki məktəbin fəaliyyət göstərməsi bu sərhəd kəndində həyatın öz axarı ilə davam etdiyini bir daha təsdiqləyir.
Ermənilər dana
oğrusudur
Kənd camaatının əsas məşğuliyyəti maldarlıqdır. Hətta qoca, xəstə adamlar da heç olmasa bir-iki baş qaramal saxlayır. Hacıallıda geniş otlaq sahələrinin olması bu kənddə maldarlığın inkişafı üçün əlverişli şərait yaradır. Təəssüf ki, son illər ermənilər yerli əhalini bu imkandan da məhrum etməyə başlayıblar. 70 yaşlı kənd sakini Gülsəba Mehralıyevanın sözlərinə görə, ermənilər onların təkcə canına deyil, malına da qənim kəsiliblər: “Mal-qaranı nəzarətsiz qoyanda erməni tərəfə keçir. Ermənilər indiyə kimi bizim çoxlu sayda heyvanımızı aparıblar. Onlar apara bilmədikləri mal-qaranı isə güllələyirlər. Erməni hərbçiləri təkcə bu il 20-yə yaxın inək güllələyiblər. Axşam olanda həmin inəklərin balaları üzlərini dağlara tərəf tutub elə mələşirlər ki, adamın ürəyinin başı göynəyir”.
10 nəfər ölüb,
20 nəfər yaralanıb
Ermənilər Hacıallı camaatının şəxsi təsərrüfatına, onların mal-qarasına nə qədər zərər vursalar da, düşmənin əsas hədəfi yenə mülki vətəndaşlardır. Yuxarıda da qeyd etdiyimiz kimi, atəşkəs dövründə 10 nəfər mülki şəxs qətlə yetirilib. Müxtəlif dərəcəli bədən xəsarəti alan, şikəst olan adamların sayı isə 20 nəfərə çatıb. Təkcə 2012-ci ildə iki nəfər mülki vətəndaş erməni snayperi tərəfindən vurulub. Erməni snayperinin bu ilin yanvarında yaraladığı Ruqiyyə Əliyevanın və mart ayının 31-də budundan ağır güllə yarası alan Vüsal Quliyevin həyatını xilas etmək mümkün olub. Hər iki kənd sakini möcüzə nəticəsində sağ qalıblar.
Burda ölüm qaşla
göz arasındadır
Hacıallı kəndində olarkən xəstə yatağından yenicə qalxmış Vüsal Quliyevə baş çəkdik. Ermənilər 21 yaşlı bu gənc traktorçunu iş başında vurublar: “Şumladığım ərazi erməni mövqelərinə çox yaxın idi. Təhlükənin böyük olduğunu bilə-bilə işə başladım. Təxminən iki hektar ərazini şumlamışdım ki, birdən ayağımın altındakı rezin qaçdı. Qeyri-ixtiyari olaraq, əyilib onu düzəltmək istədim. Bu vaxt erməni snayperi məni vurdu. Əslində, ermənilər məni alnımdan vurmaq istəyiblər. Amma həmin vaxt əyilib ayağımın altındakı rezini düzəltdiyim üçün güllə buduma dəydi. İndiyə kimi iki dəfə əməliyyat olunmuşam. Artıq özümü yaxşı hiss edirəm. Həkimlər bir müddət sonra işə çıxmağıma icazə verəcəklər. Yaralanmağım o demək deyil ki, bir də təhlükəli əraziləri şumlamayacam. Əksinə, söz vermişəm ki, bundan sonra kəndimizdə əkilməmiş bir qarış torpaq da qalmayacaq”.
Vüsalın atası Vəli Quliyev isə oğlunun müalicəsinə göstərdiyi köməyə görə, Milli Məclisin deputatı Qənirə Paşayevaya təşəkkür etdi: “Vüsal yaralandığı gün onu Tovuz rayon Mərkəzi Xəstəxanasına apardıq. Ertəsi gün millət vəkili Qənirə Paşayeva Tovuza gəlib Vüsala baş çəkdi. Vüsalı evə buraxandan sonra da Qənirə xanım iki dəfə ona baş çəkərək, bizə maddi və mənəvi dəstək verib. Ailəmizin adından ona təşəkkür edirəm”.
Sərhəd kəndində
toy olacaq
Erməni vəhşiliyinin bariz nümunəsi olan dağılmış evləri fotokameranın yaddaşına köçürmək üçün Vəli Quliyevlə birlikdə kəndi dolaşırıq. Köhnə məktəbin yanında 55-60 yaşlı bir kişi qabağımızı kəsir. O, həm Vəli Quliyevlə, həm də mənimlə köhnə tanışlar kimi görüşüb, hal-əhval tutur. Sonra isə pencəyinin döş cibindən çıxardığı dəvətnaməni həmkəndlisinə uzadır. İkimiz də eyni vaxtda dillənirik: “Allah xöşbəxt eləsin!”
Kişi başı ilə razılıq edəndən sonra Vəli Quliyev üzünü mənə tutub, izahat verir: “Oğlanlarımız əsgərlikdən gələn kimi ermənilərin acığına onları evləndiririk. Qoy, düşmən görsün ki, bu torpaqlarda bizdən sonra da nəvə-nəticələrimiz yaşayacaq”.
Son söz əvəzi
Geri qayıtmaq üçün maşına əyləşirik. Sürücü əvvəlcə mühərriki, sonra isə radionu işə salır. Kabinəyə müğənninin xoş avazı yayılır:
Evimizə gəlin gəlir,
Sığallayır telin gəlir...
Seymur Verdizadə.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00