Bu gün Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində 2 Fevral Gənclər Günü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova və rayon gəncləri iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Unikal.org xəbər verir ki, tədbirdə Abşeron gənclərinin qazandıqları uğurlardan, rayonda idman sahəsinin inkişafına yönələn tədbirlərdən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova çıxış edərək 2 fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edib. Ölkədə gənclərlə bağlı dövlət tərəfindən uğurlu siyasətin həyata keçirildiyini vurğulayan başçının sözlərinə görə, bu gün respublikanın idarəçiliyinin bütün sahələrində gənclərin rolu artmaqdadır: «Dövlət başçısı qeyd edib ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmaqdır. Cənab Prezident həmçinin, bildirib ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir və bu məsələdə gənclərin fəaliyyəti onların baxışları həlledici rol oynamalıdır. Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirib”.
İ.Gülməmmədova qeyd edib ki, Abşeron rayon gəncləri də dövlət başçısının tövsiyələrinə əməl edərək rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında daha da fəal iştirak edirlər və bundan sonra da edəcəklər. Bunun üçün rayonda hər cür şərait yaradıldığını deyən başçı bildirib ki, gənclər rayon iqtisadiyyatının bütün sahələrində o cümlədən sənaye, tikinti, nəqliyyat və xidmət sahələrində, sosial sahələrdə o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində geniş təmsil olunurlar.
Sonra Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və digərləri çıxış edərək gənclərini bu bayram münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıblar.
Daha sonra Rayon İcra Hakimiyyəti tərəfindən “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənc və idmançılara fəxri fərmanlar təqdim olunub.
Tədbir gənc incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirildi.