Müxalifətin yeni seçki taktikası
14:09 06-11-2012
CƏMİYYƏT
Müxalifətin yeni seçki taktikası
Uğursuzluq zolağından çıxmaq mümkün deyil
Müxalifətin prezident seçkilərinə vahid namizədlə getməyəcəyi artıq aydındır. İctimai Palatanın son toplantısında da Pənah Hüseyinli açıq şəkildə bəyan etdi ki, İP seçkilərə hətta 3-4 namizədlə də qatıla bilər. Maraqlıdır, bəs müxalifət daha çox namizədlə seçkilərə qatılmaqla nələrə nail ola bilər və ümumiyyətlə müxalifət bu gün seçkilərə hazırdırmı?
Seçkilər yaxınlaşdıqca aydın olur ki, müxalifət bir sıra problemlərini hələ də həll etməyib və əslində müxalifət seçkilərə hazır deyil. Hətta bunu İctimai Palatanın rəhbərliyində təmsil olunan politoloq Zəfər Quliyevin özüdə etiraf edib. O, qeyd edib ki, bir il bundan əvvəl "Demokratiyaya keçidin Yol Xəritəsi" qəbul olunanda, prezident seçkilərinə müxalifətin, İP-in hansı formada gedəcəyi ilə bağlı plan quranda cəmiyyətdə fəallıq daha yüksək səviyyədə idi. O zaman biz doğrudan da böyük işlər görmək həvəsində idik. Lakin indi görürük ki, prezident seçkilərinə bir il qalmış bir çox işlər görülməyib, hətta cəmiyyət keçənilkindən daha passivdir. Müxalifət düşərgəsinin özündə ziddiyyətlər azalmayıb, tam lazımi səviyyədə konsolidasiya, əməkdaşlıq hələlik hiss olunmur. Politoloq hesab edir ki, İctimai Palatanın özünün daxilində də biz istədiyimiz səviyyədə işi qura bilməmişik. Üstəlik, vaxt da azdır, şəxsən mənim mövqeyim belədir ki, bugünkü səviyyə, bugünkü hərəkət templəri ilə biz faktiki olaraq prezident seçkilərinə hazır deyilik və seçkilərdə də ciddi rəqabət aparmağa qadir deyilik. Z.Quliyev müxalifətin şansı ilə bağlı ümidsiz olduğunu da deyib: "Ona görə də hesab edirəm ki, prezident seçkilərində müxalifətin şansı çox azdır. Ona görə də müxalifət özünə tənqidi yanaşmalı, nəticələr çıxartmalı və uzunmüddətli strategiya qurmalıdır. Hər şeyi tək prezident seçkiləri ilə bağlamaq lazım deyil. Hətta xırda addımlarla həm prezident seçkilərinə qədər vəziyyəti yaxşılığa doğru dəyişməyə çalışmalı, eyni zamanda qarşıdakı parlament seçkilərinə hazır olmalıyıq. Lakin bugünkü templərlə və fəaliyyətlə biz hələlik heç nəyə hazır deyilik".İndi isə gəlin detallara diqqət ayıraq. Bir il öncə müxalifət qarşısına konkret məqsədlər qoymuşdu və bu məqsədlər aşağıdakılar idi.
1. Cəmiyyətin aktivləşməsinə nail olmalı
2. Beynəlxalq təşkilatların dəstəyi ilə seçki məcəlləsində və MSK tərkibində dəyişikliklərin olmasına çalışmaq
3. Bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qarşı beynəlxalq təpkini artırmaq
Belə demək olardı ki, yuxarıdakı bəndlər müxalifətin strateji planı idi. Bəs bu plan özünü necə doğrultdu? İlk növbədə bunu qeyd edək ki, müxalifətin birinci istəyi özünü doğrultmadı. Nəinki cəmiyyətin aktivləşməsinə nail olundu, hətta məlum oldu ki, müxalifətin özü proseslərə təsir etmə gücündə deyil və bunu istər Quba hadisələrində, istərsə də Gülər Əhmədova olayında gördük. Buda məlum oldu ki, müxalifət piketlər keçirtməkdən başqa çıxış yolu görmür və bu yolda özünü doğrultmur. Çünki piketlərin sayı artırılsada iştirakçıların sayı artmır və hakimiyyət buna qarşı güzəşt mövqeyi sərgiləmir. Bununla yanaşı aydın oldu ki, İctimai Palata ilə görüşlər təşkil edən diplomatik korpus bundan o yana hansısa addım atmadı və aydın oldu ki, beynəlxalq güclər müxalifətə alternativ güc kimi yanaşmır. Bununla da müxalifətin ikinci və üçüncü bəndləridə həll olunmamış qaldı. Ən maraqlısı isə ABŞ səfirinin verdiyi açıqlama oldu. Səfir açıq şəkildə bəyan etdi ki, kiminsə üç dəfədən artıq seçilməsi müzakirə mövzusu deyil. Bu isə əslində müxalifət üçün bir zərbə idi. Nəhayət sonuncu məsələyə diqqət ayıraq. Müxalifətin daha çox namizədlə seçkilərə qatılması məsələsinə. Ekspertlər hesab edir ki, əslində bu gün müxalifətin yaşadığı ən böyük problem sosial bazasızlıq problemidir. Və müxalifət seçkilərə daha çox namizədlə qatılmaqla az olan sosial bazasını daha da parçalayacaq. Sadəcə olaraq daha çox namizədlə iştirak etməklə təbliğat imkanlarını genişləndirə bilər ki, buda nəticələrə heç bir halda təsir etməyəcək. Beləliklə aydın olur ki, müxalifət 2013-cü il seçkilərinə hazır deyil.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49