BMW xüsusi modellərindən biri olan 3 Series Gran Turismo hetçbekinin istehsalını dayandırıb.
Autocar nəşrinin bildirdiyinə görə, 2020-ci ildə BMW 3 Series sedan və universalının arasında qərarlaşmış 3 Series GT hetçbekinin istehsalına son verilib. Keçən ilin may ayında BMW şirkətinin o zamankı rəhbəri Harald Kryuger birinci rüb üçün maliyyə nəticələrini elan edərkən, Gran Turismo hetçbekinin 3 Series ailəsinin yeni nəsilində varisinin olmayacağını qeyd etmişdi. Bu qərarın səbəbi aşikardır: satış nəticələrinə görə BMW 3 Series GT hetçbeki ümidsiz şəkildə krossoverlərdən geridə qalırdı.
Unikal.org autograph.az-a istinadən bildirir ki, özündə sedan və universalın xüsusiyyətlərini cəmləşdirən Gran Turismo, hətta 3 Series üçün də xüsusi model olub. Üçüncü seriya GT hetçbekinin istehsalının sona çatması, 2021-ci ilə planlaşdırılan güc aqreqatlarının sayının ixtisara salınması ilə yanaşı, BMW tərəfindən həyata keçirilən xərclərin azaldılması tədbirlərindən biri olacaqdır. Bu ixtisar, qısa müddətdə konsernə ən azından 12 milyard avro qənaət etməyə imkan verəcəkdir.