Elman Rüstəmovla tikinti bossları arasında gərqinlik
14:10 06-11-2012
CƏMİYYƏT
Elman Rüstəmovla tikinti
bossları arasında gərqinlik
Mərkəzi Bank sədrinin iki il əvvəlki çağırışı hələ də cavabsızdır, səbəb isə çox ilgincdir
İki il əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov tikinti şirkətlərinə ilginc bir çağırışda bulunmuşdu. Həmin çağırışın üstündən xeyli keçməsinə rəğmən o cavabsız qalıb. Bu isə maraqlı mülahizələrin ortaya çıxmasına səbəb olub. Bu barədə əməkdaşımızla söhətində adının çəkilməsini istəməyən bir iqtisadçı-ekspert bildirib.
O xatırladıb ki, təxminən iki il əvvəl Elman Rüstəmov o vaxtın reallıqlarından çıxış edərək bildirib ki, hazırda Azərbaycanın əmlak bazarında vəziyyət çox mürəkkəbdir. “İndi əmlakın ekspozisiyası, yəni mənzili satmaq üçün müddət 437 gündür. Bu o deməkdir ki, hər hansı evi satmaq üçün bir ildən çox vaxt lazımdır” deyə Rüstəmov qeyd etmişdi. Onun sözlərinə görə, bu bazarda kifayət qədər təklifin olduğunu, lakin ödəniş qabiliyyətinin olmadığını göstərirdi. Baxmayaraq ki, Bakıda və regionlarda əhalinin mənzilə olan tələbatı böyükdür. Elman Rüstəmov çıxışında bildirirdi ki, dövlət elə bir mexanizm tapmalıdır ki, maliyyə vasitəsilə tələb təklifə uyğunlaşsın. Azərbaycan bazarında milyon kvadratmetrlərlə mənzil təklifi var, amma tələb buna uyğun deyil. Həmin vaxt Mərkəzi Bank sədri açıq və birmənalı şəkildə demişdi ki, “Biz vəziyyətin bu cür davam etməsinə heç cür yol verə bilmərik””. Amma aradan iki il keçib, məlum deyil ki, “vəziyyətin bu cür davam etməsinə heç cür yol verilməyəcəyini” deyən Elman Rüstəmov sözünü tutmaq üçün hansı addımlar atıb.
Bəs Mərkəzi Bank sədri iki il əvvəlki çıxışı ilə nəyi hədəfləyirdi? Müsahimiz deyir ki, Elman Rüstəmov açıq şəkildə bildirmişdi ki, mənzil bazarında qiymətlərin aşağı düşməsi zəruridir. Qymətlərin sərt şəkildə ucuzlaşması bu işlə məşğul olan biznes strukturlarının maraqları və bütövlükdə iqtisadiyyat üçün zərərli ola bilərdi. Ona görə də Rüstəmov təklif edirdi ki, ipoteka proqramı çərçivəsində bu işlə məşğul olan biznesmenlər də düşünməlidir və onlar ədalətli qiymət prinsipinə uyğun olaraq, özlərinin mənfəətlərinin bir hissəsini Azərbaycan əhalisinə verməlidirlər. Bunun sayəsində isə bütövlükdə tikintiyə qoyduqları kapitalı geri götürə bilərlər. Mərkəzi Bank sədri açıq şəkildə bəyan edirdi ki, biznes strukturları qiymətləri bir qədər aşağı salmaqla, ədalətli qiymətlərlə mənfəətlərinin bir hissəsindən əl çəkməklə, mənzillərin satışına şərait yarada bilər. Amma aradan iki il keçib və nə nazirin çağırışının eşidildiyini, nə təkliflərinin müzakirə olunduğunu və konkret qərarlar verildiyini söyləmək mümkündür. Mən yadımdadır, ölkənin baş bankiri həmin çıxışında iddia etmişdi ki, o biznes strukturları ilə danışıb, əksəriyyət onun təklifini dəstəkləyir. Bəs biz bunu ötən iki ildə niyə hiss etmədik? Ya da Mərkəzi Bank sədri sonrakı çıxışlarında bu mövzunun üzərinə niyə qayıtmadı?”
Ekspertin fikrincə, həmin vaxt Elman Rüstəmovun çağırışı və təklifi iri tikinti şirkətlərinin rəhbərləri tərəfindən qəzəblə qarşılanıb: “Onların hər birinin arxasında hansısa oliqarxın dayandığı da sirr deyil. Böyük ehtimalla Rüstəmovun təklifinin hökumətin gündəminə oturacağından və rəsmiləşəcəyindən, bununla da fantastik məbləğdə gəlirlərin əllərindən çıxacağından narahat olan oliqarxlar baş bankiri təzyiq altına aldılar və o, açdığı mövzunu birdəfəlik qapatmaq məcuriyyətində qaldı”.
Müsahibimiz xatırladır ki, Rüstəmovun həmin sözlərindən bir müddət sonra ölkənin baş bankiri çeşidli KİV-lərdə sərt tənqidlər, “ifşaedici yazılar” hədəfinə çevrildi: “Etiraf edək ki, Rüstəmov oliqarxlar arasında ən az haqqında kompromatlar yazılan iri məmurlardan biridir. Amma məlum çağırışından sonra aylarla ölkədə haqqında ən sərt yazılan məmura çevrildi. Düşünürəm ki, bu da Rüstəmovun öz təklifi üzərində israrını dayandırmaq və onu hökumətin qərarına çevirməkdən geri durdurmaq üçün basqının bir forması idi”.
Hazırda da ölkənin bir çox aparıcı tikinti bosslarının baş bankirə qarşı soyuq və sərt münasibətdə olduğunu deyən müsahibimiz bütün bu ixtilaflar sonucunda ölkənin evsiz əhalisi üçün önəmli bir təşəbbüsün beşikdəcə boğulduğunu deyir. “Halbuki bu ev həsrətində olan sadə vətəndaşların şəxsi mənzil arzularının gerçəkləşməsinə yol aça bilərdi, amma tikinti bosslarında humanizm, baş bankirdə isə yetərli qətiyyət olmaması mövzunun qapadılması ilə sonuclandı” - mənbəmiz fikirlərini tamamlayır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49