Yaponiyanın Osaka Universitetinin alimləri ilk dəfə olaraq ürək əzələlərinin yeni transplantasiya növünü uğurla tamamladıqlarını elan ediblər.
Unikal.org xəbər verir ki, tədqiqatçılar ürəyi yenisi ilə əvəz etmək yerinə, ürək əzələsinin hüceyrələrini pasiyentin ürəyinin zərər görmüş hissələrinə tətbiq ediblər.
Alimlər bildiriblər ki, laboratoriya şəraitində yetişdirilmiş hüceyrələr pasiyentin orqanizmi tərəfindən mənimsənildiyi halda bir çox ürək xəstəlikləri zamanı donor orqan axtarmağa ehtiyac qalmayacaq.
Ürək əzələsi hüceyrələrini yetişdirmək üçün induksiya olunmuş pluripotent kök hüceyrələrindən istifadə edilib. Bu hüceyrələr yetkin insanın istənilən hüceyrəsini proqramlaşdırma yolu ilə yenidən embrional pluripotent vəziyyətinə qaytarmaqla yetişdirilir.
Osaka Universitetinin alimlər komandası ümid edir ki, təbəqədə yerləşdirilmiş əzələ hüceyrələri pasiyentin ürəyinin funksiyasını yaxşılaşdıraraq qan damarlarının regenerasiyasına imkan yaradan zülalı ifraz edəcək.
Təcrübə uğurlu alınarsa, bu prosedur ürəyin yenisi ilə əvəzlənməsinə alternativ olacaq.