Abbas Abbasov prezident olmaq istəyir
12:22 07-11-2012
İQTİSADİYYAT
Abbas Abbasov prezident olmaq istəyir
Yaxud, “Milyarderlər İttifaqının” Azərbaycan hakimiyyətinə quyu qazmaq cəhdlərinə sözardı
Rusiyada yaradılan və “Milyarderlər ittifaqı” kimi tanınan qurum ətrafında baş verənlər ölkə mətbuatının əsas müzakirə mövzularındandır. Demək olar ki, hər gün adıçəkilən qurumla bağlı ən azından bir dənə şok informasiya yayılır. Ötən gün isə məlum oldu ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqının koordinasiya Şurasının üzvü, “Azərros”un prezidenti Söyün Sadıqovun iki emissarı Azərbaycandadır və onlar burada əsasən Qarabağ əsilli tanınmış şəxslərlə görüşlərə başlayıblar.
Qəzetimizə məlumat verən mənbənin sözlərinə görə, RATİ-nin rəhbəri Abbas Abbasovun tapşırığı əsasında qurumun təmsilçiləri ölkə müxalifətində təmsil olunan şəxslərlə görüşlərə başlayıblar və onları öz tərəflərinə çəkmək üçün dəridən-qabıqdan çıxırlar. İlk olaraq isə onlar ACP lideri, eks-spiker Rəsul Quliyevlə anlaşmağa çalışıblar. Belə ki, Rusiyada yaşayan bir qrup azərbaycanlı oliqarxın birləşdiyi, diaspor təşkilatı kimi yaransa da Bakıda Kremlin təlimatı ilə yaranan siyasi məqsədli qruplaşma kimi qarşılanan RATİ ilə bağlı daha bir ilginc xəbər məlum olub. Bu xəbərə görə, bir neçə gün əvvəl ABŞ-da keçmiş spiker, gələnilki prezident seçkilərində iştirak etmək və yenidən hakimiyyətə gəlmək iddiasını ortaya qoyan Rəsul Quliyevlə RATİ-yə daxil olan ən nüfuzlu şəxslərdən biri, məşhur kinorejissor Rüstəm İbrahimbəyov arasında görüş olub.
Görüşün hansı tərəfin təşəbbüsü ilə baş tutduğuna dair məlumat yoxdur, ancaq bildirilir ki, R.Quliyevlə R.İbrahimbəyov arasında bir neçə saat çəkən söhbət kifayət qədər gərgin olub, tərəflər arasında tez-tez mübahisə vəziyyəti də yaranıb. Detallar barədə məlumat olmasa da şübhə edilmir ki, bu gərgin müzakirələr Azərbaycandakı siyasi situasiya, RATİ və onun ətrafında başlayan proseslər və gələnilki seçkilərlə bağlı olub.
Məlumat üçün bildirək ki, RATİ bu il sentyabrın 20-də təsis olunub, onun sıralarında baş nazirin keçmiş birinci müavini Abbas Abbasov, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov, nüfuzlu iş adamları Araz Ağalarov, Telman İsmayılov, “Azerros” diaspor təşkilatının prezidenti Söyün Sadıqov və digərləri yer alır. A.Abbasov yeni ittifaqa sədr seçilib. RATİ ətrafında qalmaqal başlayandan və Azərbaycan hakimiyyətinin bu ittifaqa qarşı olması özünü büruzə verəndən sonra A.Abbasov prezident İlham Əliyevlə görüşərək təşkilatın hakimiyyətə qarşı olmadığına inandırmağa çalışıb, lakin bu görüş baş tutmayıb. Daha doğrusu, dövlət başçısı baş nazirin keçmiş birinci müavinini qəbul etməkdən imtina edib.
“Unikal”a daxil olan ən yeni xəbərlərdə isə bildirilir ki, RATİ-nin Azərbaycan hakimiyyəti əleyhinə fəaliyyəti artıq ifşa olunub və onların fəaliyyəti ciddi şəkildə nəzarət altına alınıb. Mənbəmizin sözlərinə görə, RATİ-nin rəhbəri olan Abbas Abbasov artıq siyasi iddialarla çıxış etməyə başlayıb və məlumata görə onun hakimiyyət əlehinə fəaliyyətinin alt qatında da məhz bu faktor dayanır. Daxil olan məlumatlarda həmçinin bildirilir ki, Abbas Abbasov məkrli məqsədinə nail olmaq üçün əlində olan bütün imkanları səfərbər edib. Milli Məclisdə deputat kimi təmsil olunan oğlu Aydın Abbasov vasitəsilə müxalifətçi deputatlarla təmasa keçdiyini qeyd edən mənbəmizin sözlərinə görə, Abbas Abbasov eyni zamanda digər vasitələrlə də hakimiyyətə qarşı təzyiqlərini intensivləşdirməkdədir.Qeyd olunur ki, Abbas Abbasov prezidentliyə namizəd olmağa belə artıq razılığını verib. Buda qeyd olunur ki, sabiq baş nazir Surət Hüseynovun da məhz Abbas Abbasovun təhriki ilə fəallaşdığını vurğulayan mənbəmizin sözlərinə görə onun milli qəhrəman adını geri qaytarmaq cəhdləri də məhz bununla bağlıdır. Surət Hüseynovu öz tərəfinə çəkməklə keçmiş döyüşçülərdən dəstək almağı düşünən Abbas Abbasovun hansı məqsədlər güddüyü isə aydındır. Bunu da qeyd edək ki, Surət Hüseynov baş nazir olanda ona ən yaxın olan şəxsdə Abbas Abbasov imiş. Görünür, prezidentlik sevdasına düşən Abbas Abbasovun artıq gözü heç nəyi görməyəcək qədər tutulub. Ancaq biz bir məlum həqiqəti də xatırlatmaq istərdik ki, bu günə qədər çoxları Abbas Abbasovun indi düşdüyü arzulara mübtəla olub. Amma onların hansı aqibətlə qarşılaşdığı hər kəsə aydındır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00