Azərbaycan üzərində təhlükəli oyun
12:24 07-11-2012
İQTİSADİYYAT
Azərbaycan üzərində təhlükəli oyun
İkinci raund başladı
Yeni yaradılmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) fəaliyyəti yenədə gündəmdədir. Çox maraqlıdır ki, yeni qrumla bağlı proqnozlar heç də uğurlu proqnozlar deyil. Ən önəmlisi isə budur ki, təşkilat bu günə qədər əsas məqsədlərini tam açıqlamır və ortada böyük ziddiyyətlər var.
Məsələn, təşkilat yaranan zaman bəyan edildi ki, əsas məqsəd Rusiyada fəaliyyət göstərən təşkilatların kordinasiyasını təşkil etməkdir. Bununla yanaşı qeyd olunurdu ki, təşkilatın əsas niyyəti həm də azərbaycanlıların Rusiyanın siyasi həyatına daxil olmasını təmin etməkdir. Amma gözlənilmədən tamam fərqli bir prosesin şahidi olduq. Təşkilat ermənilərlə azərbaycanlı ziyalıların görüşünü təşkil etmək üçün hərəkətə keçdi və çox qısa zaman ərzində görüş baş tutdu. Həm də maraqlıdır ki, görüşdə Ermənistan tərəfi Dünya Erməniləri Konqresinin rəhbərliyi təmsil edirdi. Bu təşkilat isə Azərbaycana qarşı ən sərt mövqe sərgiləyən bir qrumdur. Amma məsələ bununla tamamlanmadı. Məlum oldu ki, yeni təşkilat ermənilərlə daha geniş və ciddi plana malikdir və proses davam edəcək. İndi isə daha maraqlı bir olay ortaya çıxıb. Belə ki, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvü, Azərbaycan Milli-Mədəni Muxtariyyatı - “AzerRos”un prezidenti Söyün Sadıqovun iki emissarı Azərbaycandadır.Onlar burada əsasən Qarabağ əsilli tanınmış şəxslərlə görüşlərə başlayıblar.
Mənbənin dediyinə görə, Azərbaycana gələn şəxslərdən biri Sadıqovun yaxın qohumudur. Digər şəxs isə milliyətcə qeyri-azərbaycanlıdır. Onların əlində konkret siyahı var və artıq neçə gündür ki, siyahıdakı adamlarla görüşməyə çalışırlar. Həmin söhbətlərin başlıca mövzusu isə yeni yaradılmış ÜATİ və onun gələcək perspektivləri, Azərbaycanın daxili siyasətində oynayacaq rol, ən əsası da Rusiyanın Qarabağ məsələsində vasitəçiliyinin faydalı ola biləcəyi, sülhə hazırlıq və s. barədədir.
Əldə etdiyimiz məlumatda o da bildirilirdi ki, “qonaqlar” tanınmış qarabağlılardan biri, Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli ilə də görüşüblər. Seyid Camal Əzimbəyli faktı təsdiq edərək bildirdi ki, həmin şəxslər bir neçə gün əvvəl onu Bakının dəbdəbəli restoranlarının birinə dəvət ediblər: “Onlar ÜATİ-nin gələcəkdə Azərbaycan siyasətində oynayacağı roldan danışırdılar, Qarabağ məsələsinin həllində Rusiya faktorunu qabardırdılar və biz qarabağlıların bu məsələdə oynaya biləcəyi rola işarə vururdular. Mən mövqeyimi izah etdim ki, hər nə olursa-olsun, Azərbaycan dövlətinin maraqları mənimçün başlıca məsələdir və mən dövlətimin əleyhinə olan heç bir söhbətdə iştirak etməyəcəm. Buna görə də heç çörək belə kəsmədən həmin şəxslərdən ayrıldım”.
Burda maraqlı olan nədir? İlk növbədə iki məsələ xüsusi olaraq diqqəti cəlb edir
1. Dağlıq Qarabağla bağlı intensiv fəaliyyət
2. Ölkədaxili siyasi proseslərə təsir etmə cəhdi
İndi isə gəlin bu cəhdlərin nələrlə sona çata bilmə ehtimalına baxaq.
Qarabağ kartından
istifadə
Ekspertlər hesab edir ki, bu prosesdə də bir neçə xüsusi maraq ola bilər. İlk növbədə hesab edilir ki, Rusiyanın Dağlıq Qarabağla bağlı hansısa yeni niyyəti var və bunu məhz bu təşkilatın vasitəsi ilə reallaşdırmağa çalışır.Ən azından Azərbaycanın Dağlıq Qarabağ məsələsində güzəştə getməsi üçün azərbaycanlı milyonerlərdən istifadə olunur. Digər tərəfdən hesab edilir ki, Qarabağ məsələsi Azərbaycan cəmiyyəti üçün həssas bir məsələdir və yeni qrum mövcud hakimiyyətə qarşı Qarabağ məsələsindən istifadə etməklə cəmiyyətdə mövqeyini möhkəmlətməyə çalışır. Bunun nə ilə sona çatmasını isə bəribaşdan demək çətindir. Amma başqa bir məqam unudulmamalıdır. Bu isə odur ki, cəmiyyətdə belə bir rəy var ki, Rusiya istəyərsə bir günün içində Dağlıq Qarabağ problemini həll edə bilər. Məhz bu nəzərə alınır və bəyan edilir ki, yeni qrum rəhbərliyi Azərbaycanda hakimiyyətə gətirilərsə Dağlıq Qarabağ problemidə həll olunar. Yəni Qarabağ məsələsindən istifadə etmək təsadüfü deyil.
Alternativ gücə çevrilmə
ÜATİ-in fəaliyyətində diqqəti cəlb edən başqa bir məsələ isə artıq onların Azərbaycanda da fəaliyyətə başlama cəhdlərinin olmasıdır. Halbu ki, yaranan zaman bəyan edilmişdi ki, onların fəaliyyəti Rusiya daxilində olacaq və ölkədaxili siyasi proseslərə qarışmayacaqlar. İndi isə bunun tam əksini görürük. Maraqlıdır, bəs onların Azərbaycan daxilində ki, fəaliyyətləri nə ilə sona çata bilər? Ekspertlər bildirir ki, bu qrumdan da sadəcə olaraq hakimiyyətə təzyiq üçün istifadə edə bilərlər. Yəni hakimiyyətə alternativ bir güc kimi göstəriləcək. Amma hazırda onların yeganə problemi Azərbaycan vətəndaşı olan və müəyyən qədər tanınmış şəxslərinin olmamasıdır. Amma hesab etmək olar ki, bu məsələnidə həll edəndən sonra daha çevik fəaliyyət göstərə biləcəklər. İstənilən halda isə onların ölkədaxili siyasi proseslərə qatılmaları yaxşı heç nə vəd etmir və bunun fəsadlarını görəcəyik. Bunu da qeyd edək ki, təşkilat demək olar ki, artıq milyonerlərin yox , konkret olaraq Söyün Sadıqovun diqtəsi ilə fəaliyyət göstərir. Çox maraqlıdır ki, təşkilatın üzvü olan və baş nazirin keçmiş birinci müavini Abbas Abbasov bu qrumun hakimiyyətin yanında olduğunu bildirməsindən fərqli olaraq, Söyün Sadıqov daha radikal mövqe sərgiləyir və fəaliyyəti daha aqressivdir. Bu gün isə faktiki olaraq təşkilatı Söyün Sadıqov tək başına idarə edir. Söyün Sadıqov isə Kremlə bir başa bağlı adamdır və onun tək başına belə bir iş görməsi mümkünsüzdür. Maraqlıdır, bəs Söyün Sadıqova Azərbaycanda dəstək ola biləcək siyasi qüvvə olarmı? Ekspertlər hesab edir ki, ənənəvi müxalifətin, daha konkretləşdirsək Müsavat, AXCP, KAXCP kimi partiyalar heç bir halda bu qüvvələrlə əməkdaşlıq etməyəcəklər. Onlara sadəcə olaraq Rusiya təsir dairəsində olan hansısa şəxslərin dəstək verə biləcəyi qeyd olunur. Amma onların maliyyə vasitəsi ilə özlərinə sosial baza yaratmaları mümkün sayılır. Çünki bu gün müxalifət kifayət qədər yoxsul durumdadırlar və bu səbəbdən sosial bazalarını formalaşdıra bilmirlər. Onlar isə bundan istifadə etməklə müəyyən güc toplaya bilərlər. Bundan başqa bildirilir ki, Söyün Sadıqov Azərbaycanda daha çox dindarlara belə bağlayır və hesab edilir ki, islamçılarla ortaq məxrəcə gəlmək mümkündür. Bunu da vurğulayaq ki, Rusiyanın özündə yaşayan yüz minlərlə azərbaycanlı var ki, islam təsirindədirlər və zaman-zaman bu müşahidə olunub. Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlılara İranın təsiri daha çoxdur və İranın Rusiyanın bu projesində iştirakı mümkün variantdır. Başqa bir maraqlı detal isə budur ki, təşkilatı yaradanlardan yalnız Söyün Sadıqovun Azərbaycanda biznesi yoxdur və bu səbəbdən o daha çox aktivlik nümayiş etdirir. Başqa ciddi bir məqam isə budur ki, qərb maraqlıdır Rusiyanın belə açıq oynuna hansı reaksiyanı verəcək?
ABŞ hakimiyyətə
dəstək olacaq
Ekspertlər hesab edir ki, qərb, istərsə də ABŞ Azərbaycanda Rusiyanın yenidən güc sahibi olmasına imkan verməyəcəklər. Elə indinin özündə də Rusiya təzyiqlərini artıran kimi Avropa və ABŞ Azərbaycana yanaşmada bir loyallıq nümayiş etdirir. Hətta son proseslərə cavab olaraq ABŞ-in Azərbaycandakı səfiri bəyan etdi ki, bir şəxsin üçüncü dəfə prezident seçilib seçilməməsi müzakirə mövzusu deyil. Bu isə o deməkdir ki, hazırkı prezident İlham Əliyevin üçüncü dəfə prezident seçkilərində iştirakına hər hansı bir etiraz olmayacaq. Ekspertlər bunları nəzərə alaraq hesab edirlər ki, Avropa və ABŞ bu məsələdə İlham Əliyevə tam dəstək olacaqlar və Rusiyanın açıq hucumlarına təpki olacaq. Bunu da xatırladaq ki, yaxın aylarda Azərbaycan-Rusiya münasibətlərində yeni gərginlikdə ola bilər. Söhbət Azad İqtisadi Zona yaratma ideyasından gedir. Rusiyanın hazırkı prezidenti Vladimir Putin MDB dövlətlərinə çağırış edərək yaxın aylarda yeni təşkilata qoşulmalarını istəmişdi. Qeyd edək ki, yeni yaradılması nəzərdə tutulan qrum dövlətlərin iqtisadi müstəqilliyinə ciddi zərbə ola bilər. Bu səbəbdən də hələ 4 ay öncə Azərbaycan belə bir ittifaqda iştirak etməyəcəyini bildirmişdi və buna görə məsələ həll olunmadan qalmışdı. İndi isə Rusiya məsələnin həll olunmasını istəyir və bu yeni gərginliklə müşahidə olunacaq. Məhz bu cür məsələlərə görə Rusiya indidən əlində olan resursları işə salaraq Azərbaycana təzyiqləri artırır.
Beləliklə hesab etmək olar ki, yaradılan yeni qrum özlüyündə müəyyən təhlükə gücünə sahibdir. Amma bunu da unutmaq lazım deyil ki, Azərbaycan kifayət qədər inkişaf edib və beynəlxalq güclər arasında gücə sahibdir. Ən azından bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində ciddi rol oynayır və bu rola görə Avropa Azərbaycanla müttəfiqliyi qoruyub saxlamağa çalışacaq.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35