Enən və qalxan qiymətlər
12:27 07-11-2012
İQTİSADİYYAT
Enən və qalxan qiymətlər
Azərbaycanda ət, yumurta bahalaşıb, yağ, şəkər ucuzlaşıb
İqtisadi Tədqiqatlar Mərkəzi: Bu il Azərbaycanda 12,4 faiz inflyasiyanın olacağını proqnozlaşdırmışdıq”
Əhalinin qazanclarının sabit qalması müqabilində ölkədə gündəlik tələbat mallarının qiymətlərinin günbəgün qalxması heç kimə sirr deyil. Və qəribəsi budur ki, bu artım prosesi gizli şəkildə və bir neçə istiqamətdə gedir. Konkret faktlara keçək.
Dövlət Statistika Komitəsi oktyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.
Dövlət Statistika Komitəsinin rəsmi saytının verdiyi məlumata görə, oktyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,5 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.
Ay ərzində ərzaq məhsullarından unun, çörəyin, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, südün, yumurtanın, portağalın, bananın, armudun, üzümün, xiyar və pomidorun, bibərin, badımcanın, çuğundurun, kökün, sarımsağın, kartofun qiyməti bahalaşıb. Bahalaşma ilə yanaşı oktyabr ayında qarabaşaq yarmasının, kərə yağının, bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, almanın, heyvanın, narın, kələmin, soğanın, göyərtinin qiymətlərində ucuzlaşma da müşahidə olunub.
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2011-ci ilin dekabr ayı ərzində və bütövlükdə il üzrə apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. İTM-in İctimaiyyətlə əlaqələr departamentindən “Unikal”a verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə görə, 2011-ci ilin dekabr ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,76 faiz artmışdı, bu dekabrda isə bu fərqin daha da yüksələcəyi gözlənilir. Bu zaman ərzaq məhsulları 1,05 faiz artıb, qeyri-ərzaq məhsulları 0,29 faiz azalıb, xidmətlər isə 1,30 faiz bahalaşıb.
Noyabr ayına nisbətdə dekabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 1,08 faiz, regionlarda 0,44 faiz artıb. O cümlədən, ərzaq məhsulları Bakıda 1,53 faiz, regionlarda 0,59 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 0,73 ucuzlaşıb, regionlarda isə 0,14 faiz bahalaşıb. Xidmətlərin dəyəri dekabr ayı ərzində Bakıda 2,20 faiz, regionlarda 0,41 faiz artıb. İlin son ayında ən çox badımcan (64,52 faiz), göyərti (37,84 faiz), metroda gediş haqqı (33,33 faiz), kütüm, sazan və xəşəm balıqları (16 faiz) bahalaşıb. Ucuzlaşma isə kərpic (9,37 faiz), sarımsaq (7,93 faiz) və digər məhsullarda qeydə alınıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 12,03 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 15,76 faiz, regionlarda isə 8,46 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (19,35 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 2,64 faiz, xidmətlərdə isə 5,73 faiz təşkil edib.İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında dekabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,75 manat, pensiyaçılar üçün 152,23 manat, 0-14 yaşlı uşaqlar üçünsə 211,30 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 105,00 manat, pensiyaçılar 94,60 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 120,27 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,27 manat, pensiyaçılar üçün 35,02 manat, 0-14 yaşlı uşaqlar üçün 73,30 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.
Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.”
İTM ekspert qrupu tərəfindən aparılan daha bir hesablama 2012-ci ildə gözlənilən inflyasiya səviyyəsi ilə bağlı olub. Qrupun beynəlxalq metodologiya ilə apardığı proqnozlaşdırmanın nəticələrinə əsasən bu il Azərbaycanda 12,4 faiz inflyasiyanın olacağı proqnozlaşdırılmışdı.
Nadir
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00