Türkiyənin məşhur “Paşa” ləqəbli Nazim Cihan adlı aktyoru Azərbaycandan Gürcüstana keçərkən gömrükçülər tərəfindən saxlanılıb.
Unikal.org-un məlumatına görə, aktyorun saxlanılmasına səbəb sənədi olmayan tutuquşusu ilə sərhədi keçməsi olub. Nazim Cihan sərbəst buraxılsa da tutuquşusu müsadirə olunub və ona verilməyib.
Aktyor Türkiyəyə getdikdən sonra məsələ ilə bağlı səfirlik və konsulluğa müraciət edib.
“Mən görməli yerləri gəzmək üçün Azərbaycana getdim. Keçməkdə heç bir problem yox idi. 13 gün Azərbaycanda qaldım. Geri qayıdarkən 27 avqust 2019-cu il tarixində Gürcüstanla sərhəddə gömrükçülər tərəfindən saxlanıldım. "Quşuvun sənədi yoxdu” dedilər. Sevimli quşumu əlimdən aldılar. Çox mübarizə apardım. Türkiyə səfirliyimiz və konsulluğumuzun köməkliyi ilə 162 gün sonra tutuquşuma qovuşdum”.
Belə ki, tutuquşusunu geri almaq üçün məhkəməyə müraciət edən Paşa 7 dəfə Gürcüstana gedərək sevimli ev heyvanına baş çəkib.
Qeyd edək ki, uzun müddət sonra məşhur aktyor sevimli ev heyvanına qovuşa bilib.