Şuşanın sabiq icra başçısının oğlu həbs olunub.
Bakı Şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsindən Unikal.org-a daxil olan birgə məlumatda qeyd olunur ki, fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 saylı evin qarşısında 1981-ci il təvəllüdlü Şuşa şəhər sakini Bəhmənov Ceyhun Nizami oğlunun keçmiş arvadı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirməsi faktı ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq C.Bəhmənov iş üzrə şübhəli şəxs qismində saxlanılmaqla müdafiəçinin iştirakı ilə dindirilib.
Fevralın 3-də C.Bəhmənov iş üzrə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddə ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə hadisə yerinə baxış keçirilərək maddi subutlar götürülüb, çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Aparılmış istintaqla C.Bəhmənovun Dilarə Bəhmənovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə (qəsdən adam öldürməyə cəhd) tövsif edilməklə cinayət işi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Yasamal rayon prokurorluğuna göndərilib.
D.Bəhmənovanın sağlamlıq vəziyyəti ağır qiymətləndirilməklə xəstəxanada stasionar şəraitdə müalicəsi davam etdirilir.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.