Xəbər verdiyimiz kimi, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı 4 seçki dairəsinin nəticəsi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən etibarsız elan olunub. Belə ki, 33 saylı Xətai birinci, 35 saylı Xətai ikinci, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində çoxsaylı seçki məntəqələrində saxtakarlığa yol verildiyi üçün həmin dairlərin nəticələri ləğv olunub. Maraqlıdır, nəticəsi ləğv olunan daiələrlə bağlı cinayət işi açıla bilərmi? Səsvermə prosesində saxtakarlığa yol verən şəxsləri hansı cəzalar gözləyir?

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Mikayıl Rəhimov modern.az-a bildirib ki, səsvermədə qanun pozuntusuna yol verilibsə, mütləq şəkildə bu məsələ prokurorluğa göndəriləcək:

“Hazırda şikayətlərə baxılır və artıq MSK-nın bu şikayətlərlə bağlı qərarı var. Ayrı-ayrı şəxslər səsvermədə cinayət əməlinə yol veribsə, mütləq şəkildə bu hal prokurorluğa bildiriləcək. Biz sadəcə hansı qanun pozulubsa, onu bildirə bilərik, cinayət işinin açılıb-açılmaması isə prokurorluğun səlahiyyətindədir”.

Xatırladaq ki, nəticəsi ləğv olunan dairələr Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.